Yevlaxda narkomaniyaya qarşı mübarizə çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib
24 oktyabr 2022 | 12:31
Yevlaxda narkomaniyaya qarşı mübarizə çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin, Yevlax rayon Polis Şöbəsinin və Yevlax rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə şəhər 7 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” adlı növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova şagirdlərə tövsiyyələr verərək hansı yaş kateqoriyasında olmalarına baxmayaraq hər zaman öncəliklə sağlam həyat tərzi sürmələrini, güclü iradəyə sahib olub heç kimin təsiri altına düşmədən doğru yolu seçmələrini gənclərin diqqətinə çatdırıb. O bildirib ki belə tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir.
Yevlax rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Mehtiyev çıxış edərək narkomiyanın insan həyatına, sağlam gənc nəslin yetişməsinə mənfi təsirləri, narkotiklə mübarizə ilə bağlı rayon ərazisində görülən tədbirlərlə bağlı fikirlərini bölüşməklə yanaşı iştirakçılara öz məsləhət və tövsiyələrini verib.
Yevlax rayon prokurorunun müavini kiçik ədliyyə müşaviri Emil Qurbanov çıxışında dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb. Qeyd edib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır.
Tədbirdə çıxış edən Yevlax şəhər 7 saylı tam orta məktəbin direktoru Ülviyyə Ağayeva narkomaniya ilə mübarizə tədbirlərini gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qorumuş olduğumuzu söyləyib. Gənclərin dövlətçilik ruhunda yetişməsi, sosiallaşması, cəmiyyətə yararlı fərd olaraq formalaşması, onların bilik və bacarıqlarının, dünyagörüşlərinin genişləndirilməsi üçün şərait yaradılan və gəncləri bu imkanlardan istifadə etməyə, yararlanmağa çağırıb.
Sonda iştirakçıları maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb. Həmçinin tədbirdə iştirak edənlərə narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən videoçarx nümayiş etdirilib.