Yevlaxda narkomaniya,dini radikalizm,erkən nikah mövzusunda növbəti maarifləndirici tədbir keçirilib
13 mart 2024 | 15:55
Yevlaxda narkomaniya,dini radikalizm,erkən nikah mövzusunda növbəti maarifləndirici tədbir keçirilib
Yevlax Şəhər Nizami adına 7 nömrəli tam orta məktəbində keçirilən maarifləndirici tədbirdə gənclərin narkomaniya, erkən nikah, dini radikalizm və digər bu kimi zərərli meyllərdən uzaqlaşdırılması, bu sahədə qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Şəhər İcra Hakimiyyəti və Yevlax rayon üzrə Təhsil sektorunun birgə təşkil etdikləri tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayon üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova, Yevlax Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarda proflaktiki işin təşkili qrupunun inspektoru, polis leytenantı Mübariz Cəmilzadə, məktəbin müəllim kollektivi və şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirib ki, davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlər gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, gənclərdə narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, radikal dini təriqətlərə meyllərin artmasının qarşısını almaq, habelə erkən nikahın yaratdığı problemlər barədə gəncləri daha geniş məlumatlandırmaq məqsədi daşıyır.
Elnarə Əzizova çıxışına davam edərək bildirib ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur və gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır. O həmçinin dini radikalizm və ekstremizmin cəmiyyətimizə, narkomaniyanın insanların sağlamlığına mənfi təsirindən, psixotrop maddələrin yaratdığı fəsadlardan danışıb, erkən nikahların dövrümüzün böyük problemlərdən olduğu, ölkəmizdə zərərli vərdişlərə qarşı mübarizə üçün möhkəm qanunvericilik bazasının mövcudluğu diqqətə çatdırıb.
Daha sonra Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova çıxış edərək narkomaniyanın yayılmasına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini önə çəkib, bu işdə müəllimlərin, şagirdlərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyünü xüsusi vurğulayıb.
Yevlax Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarda proflaktiki işin təşkili qrupunun inspektoru, polis leytenantı Mübariz Cəmilzadə çıxış edərək erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu diqqətə çatdırıb. Gənclərlə keçirilən görüşdə dini radikalizm və onun fəsadları, xurafat və cəhalət carçılarına qarşı mübarizə metodları, ənənəvi dini və milli dəyərlərimiz haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması istiqamətində həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyindən danışıb.Tədbirin gedişində şagirdləri maraqlandıran suallar cavablandırılıb.