Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda narkomaniya,dini radikalizm,erkən nikah mövzusunda maarifləndirici tədbirlər davam etdirilib

02 aprel 2024 | 18:26
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xaldan kənd kompleks tam orta məktəbində keçirilən növbəti maarifləndirici tədbirdə gənclərin narkomaniya, erkən nikah, dini radikalizm, dərsə davamiyyət və digər məsələlər ətraflı müzakirə olunub. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Yevlax rayon üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova, Yevlax Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarda proflaktiki işin təşkili qrupunun inspektoru, polis leytenantı Mübariz Cəmilzadə, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fariz Mədətov, Xaldan kənd kompleks tam orta məktəbin direktoru Günel Yusifzadə, məktəbin müəllim kollektivi və şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova iştirakçıları rayon rəhbərliyi adından salamlayaraq bildirib ki, uşaqların təhsildən yayınması, erkən nikah, əməyə cəlb olunma ilə bağlı məktəblərlə, müəllimlərlə, psixoloqlarla da iş aparılır ki, onlar bu prosesdən kənarda qalmasınlar.Təhsildən yayınma faktları sıradan bir adi məsələ olmadığından belə araşdırmaların aparılması və bu istiqmətdə zəruri tədbirlərin həyata keçirilməsi hər zaman diqqət mərkəzimizdədir. Elnarə Əzizova çıxışına davam edərək bildirib ki davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlər gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, gənclərdə narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, radikal dini təriqətlərə meyllərin artmasının qarşısını almaq, habelə erkən nikahın yaratdığı problemlər barədə gəncləri daha geniş məlumatlandırmaq məqsədi daşıyır.
Daha sonra Yevlax rayon üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova çıxış edərək narkomaniyanın yayılmasına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini önə çəkib, bu işdə müəllimlərin, şagirdlərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyünü xüsusi vurğulayıb.
Yevlax Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarda proflaktiki işin təşkili qrupunun inspektoru, polis leytenantı Mübariz Cəmilzadə bildirmişdir ki, son vaxtlar gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində çoxlu sayda tədbirlər görulür, lakin gəncləri bu bəladan qurtarmaq üçün təkcə onları məlumatlandırmaq kifayət etmir. Onların asudə vaxtlarının səmərəli təşkili, keyfiyyətli təhsillə təmin edilmələri, öz təşəbbüslərini gerçəkləşdirə biləcəyi mühitin formalaşdırılması və onlara xidmət göstərə biləcək strukturların yaranması vacib olduğunu bildirib. Tədbirin gedişində şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Keçidlər