Yevlaxda “Narkomaniya-bəşəriyyətin ən qorxulu bəlası!” adlı dəyirmi masa keçirilib.
09 sentyabr 2022 | 15:10
Yevlaxda “Narkomaniya-bəşəriyyətin ən qorxulu bəlası!” adlı dəyirmi masa keçirilib.
Yevlax Şəhər İcra Hakimiyyəti və Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax şəhər Mədəniyyət Mərkəzi ilə birlikdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən təsdiq edilmiş “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illər üçün tədbirlər Planı”nın icrası ilə əlaqədar “Narkomaniya-bəşərin ən qorxulu bəlası!” adlı dəyirmi masa keçirib. Dəyirmi masada Şəhər İcra Hakimiyyəti Başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nərmin Fərzəliyeva, Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax şəhər üzrə nümayəndəsi vəzifəsini icra edən Aygün Qasımova,Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru vəzifəsini icra edən Seymur Novruzov, Mingəçevir rayonlararası Narkoloji dispanserinin Yevlax rayon kabinetinin həkimi Saleh Səfərov, Yevlax rayon Qızıl Aypara Cəmiyyətinin sədri Həbibə Məmmədova iştirak etmişlər.
Şəhər Mədəniyyət Mərkəzinin direktoru vəzifəsini icra edən Seymur Novruzov dəyirmi masanı açaraq qeyd etdi ki, narkomaniya bu gün bəşəriyyətin ən ciddi və ağrılı problemlərindəndir. Xüsusilə yeniyetmə və gənclər üçün “ağ ölüm” adlandırılan bu bəlaya düçar olanlar daim mənəvi, tibbi, iqtisadi və sosial problemlər məngənəsində boğulurlar. Narkomaniyanın acı nəticəsi təkcə ölkələrə vurulan maddi və mənəvi zərərlə yox, milyonlarla insanın məhvi ilə ölçülür.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nərmin Fərzəliyeva çıxışında bildirdi ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etsə də, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdanadək ölkə olduqca çətin durumda idi və bütün sahələr üzrə köklü islahatlara ehtiyac duyulurdu. Xalqın israrlı tələbi ilə 1993-cü il iyunun 15-də yenidən siyasi hakimiyyətə qayıtmaqla millətini böyük bəlalardan, dövləti parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən məharətlə qoruyan böyük şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə hərtərəfli islahatlar başladı. Ümummilli Lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Ardınca əsas məqsədi bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ibarət olan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı və narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində dövlətin strateji kursunun əsasları müəyyən edildi.
Göründüyü kimi, Azərbaycanın müstəqilliyinın bərpasından sonra dövlət quruculuğu, siyasi, iqtisadi və sosial sahələrdə aparılan islahatlar və vüsət alan inkişaf narkomanlığa qarşı mübarizədə cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizənin aparılmasını da zəruri edib. Bununla əlaqədar dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların və cəmiyyət üzvlərinin bu işdə yüksək fəallığı müsbət nəticələrin əldə olunmasına stimul verib.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini dövrün tələblərinə uyğun yeni müstəvidə müvəffəqiyyətlə davam etdirən dövlətimizin başçısı İlham Əliyevin yüksək elmi təfəkkürünün, müdrikliyinin, uzaqgörənliyinin, yenilməz iradəsinin və gərgin fəaliyyətinin xalqın mübarizliyi ilə sıx vəhdəti nəticəsində ildən ilə daha da qüdrətlənən dövlətimiz narkomanlığa, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı bugün də uğurlu mübarizə aparır. Bu mübarizədə Azərbaycan Prezidentinin 2007-ci il 28 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2007–2012-ci illər üçün Dövlət Proqramı”nın, 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı”nın uğurla həyata keçirilməsinin əvəzsiz rolu olub.
Hamımıza məlumdur ki, insan amili dövlət siyasətinin əsasını təşkil edir. Prezident İlham Əliyev həyata keçirilən siyasətin mərkəzində vətəndaşın dayandığını hər zaman xüsusi vurğulayır. Azərbaycanın gələcəyi olan gənclərimizə isə diqqət və qayğı daha qabarıq sezilir. Ardıcıl şəkildə qəbul olunan Dövlət proqramları gəncliyin inkişafına, onların potensial imkanlarının genişləndirilməsinə müsbət təsir göstərib. Gənclərin hərtərəfli püxtələşməsi məqsədilə onlarda idmana olan marağın artırılmasında, mədəni-kütləvi tədbirlərin sayının artırılmasında, bununla əlaqədar müxtəlif komplekslərin, o cümlədən Olimpiya İdman komplekslərinin inşasında məqsəd sağlamlığın təmin edilməsi ilə yanaşı, insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına nail olmaqdır. Bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gənc nəslin sağlamlığının qorunması və onların hərtərəfli inkişafı istiqamətində həyata keçirilən tədbirlərin də olduqca əhəmiyyətli olması xüsusi vurğulanmalıdır.
Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax şəhər üzrə nümayəndəsi vəzifəsini icra edən Aygün Qasımova, Mingəçevir rayonlararası Narkoloji dispanserinin Yevlax rayon kabinetinin həkimi Saleh Səfərov,Yevlax şəhər Mədəniyyət Mərkəzinin işçisi Turqut Cabbarlı, Yevlax rayon Qızıl Aypara Cəmiyyətinin sədri Həbibə Məmmədova çıxışlarında bəşərin ən qorxulu bəlası narkomaniya haqqında ətraflı məlumat verdilər.
Dəyirmi masanın gedişində “Narkomaniya-bəşərin ən qorxulu bəlası!” adlı videoçarx nümayiş olunub.