Yevlaxda “Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin hüquqi dayağıdır” mövzusuna tədbir keçirilmişdir
28 avqust 2025 | 17:08
Yevlaxda “Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin hüquqi dayağıdır” mövzusuna tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yevlax Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin iclas zalında “Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin hüquqi dayağıdır” mövzusuna tədbir keçirilmişdir. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının məsləhətçisi Fərid Hacıbəyli, rayonda fəaliyyət göstərən idarə,müəssisə, təşkilatların əməkdaşları və gənclər iştirak etmişlər.
Tədbirin gedişində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Xalqımızın Ümummilli Lideri, Ulu Öndərimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilmişdir.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxışında bildirdi ki, Müstəqil Azərbaycanın Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.
Böyük Öndərimiz əmin idi ki, demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Konstitusiyanın – Əsas Qanunun rolu qat-qat artır. Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı.
Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdir.
Azərbaycan xalqı gələcək inkişafını yalnız Heydər Əliyev siyasi kursunun davam etməsində və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin parlaq fəaliyyətində görür. Son illərin misli-bərabəri olmayan uğurları, şərəfli məqamları bu həqiqəti aydın şəkildə isbat edir. Beynəlxalq aləmdə nüfuzlu Lider kimi qəbul olunan Prezidentimizin gərgin iş rejimi, polad iradəsi, yenilməz cəsarəti, qətiyyətli addımları, eləcə də ən etibarlı silahdaşı hörmətli Mehriban xanımın şəhid ailələrinə, tibbi yardıma ehtiyacı olan qazilərimizə, eyni zamanda milli-mədəni dəyərlərimizin, adət və ənənələrimizin, həmçinin müasirliyin əxlaqi və dəyərli nümunələrinin qorunmasına, inkişafına göstərdiyi misilsiz diqqət və qayğı ölkəmizin əldə olunan nailiyyətlərini təmin edən mühüm amillərdir. Müstəqil Azərbaycanın dünya ölkələri sırasında layiqli yer tutması, söz sahibi olması, daim artan nüfuzu ilk növbədə bu bənzərsiz fəaliyyətin nəticəsidir.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatları nəticəsində qazandığımız tarixi Zəfərlə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi və müstəqil Azərbaycanın tarixində yeni səhifə yazıldı. Dövlətimizin başçısının 2020-ci ildən etibarən apardığı uzaqgörən siyasət hərbi qələbəni siyasi uğurla tamamladı. Böyük Qələbəni Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandan cənab İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən Ulu Öndərin arzusunu reallaşdırdı. Xalqımız bütün milli bayramlarını, əlamətdar tarixlərini və son illərdə həm də möhtəşəm Qələbə günlərini böyük sevinc hissi ilə qeyd edir. Artıq Bayrağımız torpaqlarımızın hər bucağında dalğalanır, Konstitusiyamızın normaları bütöv və bölünməz Vətənimizin bütün ərazisində qüvvədədir.
Azərbaycan ilə Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin paraflanması bu siyasətin sülh və əməkdaşlıqla yekunlaşan təntənəsidir. İmzalanacaq sülh müqaviləsi nəinki iki dövlət arasında silahlı qarşıdurmaya son qoyacaq, eyni zamanda, bölgədə uzunmüddətli sabitliyin, etimad mühitinin və birgə əməkdaşlığın bərqərar olunması üçün real zəmin yaradacaq.
Münaqişə dövrü arxada qalır, yeni mərhələ - dayanıqlı sülh, qarşılıqlı hörmət, rifah və inkişaf mərhələsi başlayır. Sazişdə nəzərdə tutulan sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiya xətlərinin açılması və iqtisadi əməkdaşlığın inkişafı kimi müddəalar insanların yaşamaq hüququnun, hərəkət azadlığının, mülkiyyət hüququnun və digər fundamental hüquqlarının reallaşdırılması üçün geniş imkanlar yaradır. Elə məhz bu kontekstdə qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizinin açılması regionda iqtisadi tərəqqinin əldə olunmasına, strateji bağlantıların güclənməsinə, iqtisadi inteqrasiyanın möhkəmləndirilməsinə yol açacaq. Dəhlizin açılması uzun illər blokada şəraitində yaşamış Naxçıvanın sürətlə inkişafına təkan verəcək və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisi arasında birbaşa quru bağlantısının bərpasını təmin edəcəkdir.
Vaşinqtonda keçirilmiş görüş əsnasında sənədlərin imzalanması ilə uzun illər nəticəsiz fəaliyyət göstərmiş ATƏT-in Minsk qrupunun ləğvi istiqamətində birgə təşəbbüsün nümayiş etdirilməsi Cənubi Qafqazın təhlükəsiz gələcəyinin təmin edilməsinə və gələcək nəsillərin əmin-amanlıqla birgəyaşayışına yönəlmiş tarixi bir dövrün başlanğıcıdır. Belə ki, ötən dövrdə fəaliyyətsiz qalan, hər zaman ikili standartlar nümayiş etdirən Minsk qrupu beynəlxalq hüququn kobud şəkildə pozulmasına etirazını bildirmədi, Azərbaycanın haqlı mövqeyini heç bir zaman dəstəkləmədi. Artıq öz funksiyasını itirmiş bu mexanizmin aradan qaldırılması ilə regionda dayanıqlı sülhün, pozulmuş insan hüquq və azadlıqlarının bərpası istiqamətində görülən işlər, şübhəsiz ki, daha da sürətlənəcək.
Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin dayandırılması, eləcə də Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması da Vaşinqton görüşünün əhəmiyyətli məqamlarından biridir. Belə ki, bu tarixi hadisə iki ölkə arasında mövcud olan münasibətlərdə yeni inkişaf mərhələsinin əsasını qoydu və ölkəmizin uzun illər üzləşdiyi haqsızlığa son qoyulmasına, ədalətin bərpasına və iki ölkə arasında əlaqələrin davamlı inkişafına xidmət edəcək.
2025-ci il avqustun 8-də sülh sazişinin paraflanması təkcə iki dövlət arasında münasibətlərin normallaşdırılması deyil, eyni zamanda, regionda insan hüquqlarının tam təmininə yönəlmiş mühüm siyasi sənəd kimi tarixə düşdü. Bu tarixi sənəd, ilk növbədə, hər bir insanın yaşamaq hüququnun, təhlükəsizliyinin, sərbəst hərəkət azadlığının, təhsil və sağlamlıq kimi fundamental hüquqlarının təmin olunması deməkdir. Münaqişə və hərbi gərginlik şəraitində illərlə pozulmuş hüquqların bərpası, zorla köçkün düşmüş insanların doğma yurdlarına təhlükəsiz qayıdışı, minalardan təmizlənmiş ərazilərdə normal yaşayışın bərpası, sosial-iqtisadi inkişaf və dayanıqlı rifahın təmin olunması məhz sülhün gətirdiyi əsas üstünlüklərdir.
Eyni zamanda, qeyd edək ki, sülh müqaviləsi regionda yeni humanitar mərhələnin başlanğıcıdır. Bu, həm də beynəlxalq hüququn əsas prinsiplərinə - dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmətin təntənəsidir. Sülhün davamlılığı üçün tərəflərin əldə olunmuş razılaşmaları səmimi şəkildə icra etməsi, xalqlar arasında etimadın möhkəmləndirilməsi və qarşılıqlı hörmətin gücləndirilməsi vacibdir.
Azərbaycan dövləti artıq azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini geniş miqyasda həyata keçirir, humanitar layihələri gerçəkləşdirir, bölgənin sosial və iqtisadi inkişafını təmin edəcək infrastruktur qurur. Bu, sülhün praktik nəticələrinin insan hüquqlarının müdafiəsində necə mühüm rol oynadığının ən real nümunəsidir.
Daha sonra tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının məsləhətçisi Fərid Hacıbəyli, Yevlax şəhər Mədəniyyət Mərkəzinin bədii rəhbəri Sevda Əliyeva, Nərimanabad kənd tam orta məktəbin tarix müəllimi Nuridə Xudiyeva Bu gün Azərbaycan Respublikası Konstitusiyasının prinsipləri vətəndaşların hüquqlarının və dövlətin suverenliyinin qorunması istiqamətində əhəmiyyətli rol oynayır. 12 noyabr Konstitusiya Günü, həm dövlətin hüquqi inkişaf yolunu xatırlamaq, həm də qanunvericilik və demokratik dəyərlərin əhəmiyyətini vurğulamaq üçün mühüm bir gündür. Bu gün Azərbaycanın demokratik, hüquqi və sosial dövlət kimi inkişafının təməli olan Konstitusiyaya və onun gətirdiyi dəyərlərə dərin hörmətlə yanaşmağın simvoludur. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və konstitusiyalı hüquqi dövlətin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu misilsizdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan 1995-ci il Konstitusiyası müstəqil Azərbaycanın hüquqi əsaslarını təsbit edən tarixi bir sənəd olmuşdur. Ulu Öndərin təşəbbüsü ilə hazırlanan bu Konstitusiya Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında qurulması və inkişafını təmin edən əsas qanun kimi öz mühüm yerini tutmuşdur. Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında qanunvericilik sahəsində islahatlar davam etməkdədir. Dövlət başçısının apardığı siyasi kurs və hüquqi sahədə islahatlar nəticəsində ölkənin qanunvericilik bazası daha da təkmilləşdirilmişdir. Bu dəyişikliklər ölkənin inkişaf dinamikasına uyğun olaraq qanunvericilik sisteminin müasir tələblərə cavab verməsini və vətəndaşların hüquq və azadlıqlarının daha geniş təmin olunmasını təmin edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə hüquqi islahatlar davam etdirilir və demokratik inkişaf istiqamətində yeni addımlar atılmaqdadır. Bütün bunlar onu deməyə əsas verir ki, 12 noyabr Konstitusiya Günü müasir Azərbaycan dövlətinin inkişaf yolunu əks etdirən əlamətdar bir gün olaraq hər zaman xatırlanacaq və qeyd olunacaqdır.






