Yevlaxda Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2025-ci ildə qarşıda duran məsələlər mövzusunda müşavirə keçirilmişdir
06 dekabr 2024 | 17:41
Yevlaxda Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2025-ci ildə qarşıda duran məsələlər mövzusunda müşavirə keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin birgə təşkilatçılığı ilə şəhər 3 nömrəli tam orta məktəbdə keçirilən müşavirədə Şəhər İcra Hakimiyyətinin Başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Xaliq Əliyev, Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi polkovnik-leytenant Elşən Bəşirov, Şəhər İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müsəssisələrin məsul əməkdaşları, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin, mənzil-kommunal və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Şəhər İcra Hakimiyyətinin Başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Xaliq Əliyev çıxış edərək tədbirin önəmindən, Şəhər İcra Hakimiyyəti tərəfindən bu sahədə görülən işlərdən danışmış, qeyd etmişdir ki, 2025-ci ildə qarşıda duran əsas məqsədə - mülki müdafiə idarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə, mülki müdafiə qərargahlarının rolunun artırılmasına, əhalinin və işçilərin mülki müdafiəyə hazırlanmasına, fövqəladə hadisələrin qarşısının alınması üçün profilaktik tədbirlərin gücləndirilməsinə və hadisələrin nəticələrinin aradan qaldırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsinə nail olmaq üçün hər birimiz daha məsuliyyətlə çalışmalı, verilən tapşırıqların layiqincə yerinə yetirilməsində fəal iştirak etməliyik.
Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi polkovnik-leytenant Elşən Bəşirov çıxışında tədbirin vacibliyinə toxunaraq Aran Regional Mərkəzinin 2024-cü il ərzində bu sahədə görülən işlərdən, mülki müdafiə tədbirlər planlarının icra vəziyyətindən, təqdim olunan rüblük və illik hesabatlardan, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar tərəfindən yerinə yetirilən işlərdən, işləyən və işləməyən əhalinin fövqəladə hallara hazırlığından, il ərzində aparılmış yoxlamalar zamanı aşkar olunmuş nöqsanlardan və 2025-сi ildə qarşıda duran vəzfələrdən danışmışdır.
Sonda tədbir iştirakçıları ilə idarə, müəssisə və təşkilatlarda, habelə təhsil müəssisələrində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları və 2025-ci ildə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılmış,iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.