Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Milli Teatr Günü qeyd olunmuşdur

10 mart 2025 | 13:17
Yevlaxda Milli Teatr Günü qeyd olunmuşdur
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən B.Səfəroğlu adına Xalq Teatrında 10 Mart-Azərbaycan Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova və rayonda fəaliyyət göstərən mədəniyyət işçiləri iştirak etmişlər.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxışında ilk öncə mədəniyyət işçilərini səmimi-qəlbdən təbrik edərək, onlara xoş arzularını çatdırmışdır. Sonra qeyd etmişdir ki, XIX əsrin ikinci yarısından başlayaraq ölkəmizdə cərəyan edən ictimai-siyasi hadisələr maarifçilik hərəkatının inkişafına güclü təkan vermişdi. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar olmuşdu. Belə ki, böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynamışdı. Görkəmli maarifçi Həsən bəy Zərdabi və yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının tamaşaya qoyulması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi, peşəkar teatrın təməli qoyulmuşdur.
Teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin bu siyasəti hazırda Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz cənab Prezident tərəfindən 2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd – “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib. Hər il onlarla istedadlı sənət adamlarını təltif edən, onları Prezident təqaüdçüsü elan edən, eləcə də hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmçinin bildirmişdir ki, bu gün Ölkəmizdə Teatra, teatrda çalışanlara dövlət qayğısı günbəgün artır. Teatr binaları təmir və bərpa olunur, dünya standartlarına uyğun avadanlıqlarla təchiz edilir.
Mədəniyyət işçilərinin bir qrupu Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunmuşlar.
Tədbirdə çıxış edən mədəniyyət işçiləri onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Keçidlər