Yevlaxda Milli Musiqi Gününə həsr edilmiş tədbir keçirilib
19 sentyabr 2026 | 17:13
Yevlaxda Milli Musiqi Gününə həsr edilmiş tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin və Yevlax Şəhər Mədəniyyət Müəssisələrinin birgə təşkilatçılığı ilə 18 sentyabr – Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.
B.Səfəroğlu adına Xalq Teatrında keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının sektor müdiri Azad Əliyev, YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Namiq Tarıverdiyev, Yevlax rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Samir Kərimov, və Yevlax rayonunda fəaliyyət göstərən mədəniyyət işçiləri, musiqiçilər iştirak ediblər.
Tədbirdə 18 sentyabr-Milli Musiqi Gününün Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət daşıdığı qeyd edilərək, bu əlamətdar günün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin doğum günü ilə bağlı olduğunu diqqətə çatdırılıb. Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafında, milli musiqi ənənələrinin qorunmasında və professional bəstəkarlıq məktəbinin formalaşmasında misilsiz xidmətlərindən bəhs olunub. Bildirilib ki, böyük bəstəkarın zəngin yaradıcılıq irsi Azərbaycan musiqi mədəniyyətinin ayrılmaz hissəsidir və onun əsərləri bu gün də böyük maraq və sevgi ilə qarşılanır.
Yevlax Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşlarının və musiqi kollektivlərinin ifasında səsləndirilən müxtəlif musiqi nömrələri, milli musiqi nümunələri və bədii kompozisiyalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Milli geyimlərdə təqdim olunan rəqslər, xalq musiqisi nümunələri və səhnə kompozisiyaları tədbirə xüsusi rəng qatıb. İştirakçılar milli musiqimizin və rəqs sənətimizin gözəlliyini nümayiş etdirən çıxışları böyük maraqla izləyiblər.
Qeyd edək ki, Azərbaycan musiqi mədəniyyəti tarixində silinməz iz qoymuş, milli bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist və ictimai xadim Üzeyir Hacıbəylinin doğum günü – 18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Dahi bəstəkar Azərbaycan professional musiqi sənətinin və milli operanın banisi kimi ölkəmizin mədəniyyət tarixində mühüm yer tutur.






