Yevlaxda Milli Mətbuat Günü qeyd edildi
Yevlaxda Milli Mətbuat Günü qeyd edildi
Yevlaxda Azərbaycan Milli Mətbuatının yaranmasının 147-ci ildönümü və 22 iyul Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə Rayonda nəşr edilən "Kür" qəzetinin baş redaktoru "Əməkdar jurnalist" Əminə Yusifqızı, "El tv" Regional Televiziyasının direktoru İqbal Məmmədəliyev , digər televiziya və internet saytların bölgə müxbirləri iştirak edirdilər.
Tədbiri Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev açaraq bildirdi ki,1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin çap edilməsi ilə milli mətbuatımızın əsası qoyuldu. XIX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri Həsən bəy Zərdabi idi. Qəzetin hazırlanmasında Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub.“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi. Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Azərbaycan mediası həm Birinci, həm də Vətən müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Azərbaycan mediası bu gün də dövlətimizin Başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.
Daha sonra çıxış edən “Kür” qəzetinin baş redaktoru “Əməkdar jurnalist” Əminə Yusifqızı qeyd etdi ki, 147 il əvvəl böyük maarifpərvər Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuatımız çətin və şərəfli yol keçmiş, milli-mənəvi dəyərlərimizin qorunmasında, xalqımızın dünyagörüşünün formalaşmasında önəmli rol oynamış və mütərəqqi ideyaların carçısına çevrilmişdir. Həmçinin mətbuatımızın ölkəmizdə müasir cəmiyyət quruculuğu, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsi, siyasi mədəniyyətin inkişaf etdirilməsi, maddi - mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən də layiqincə gəldiyini qeyd etdi.
Tədbirin sonunda media işçilərinə Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olundu.