Yevlaxda Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib
Yevlaxda Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib
Yevlaxda Milli Mətbuatın yaranmasının 151 illiyi və 22 İyul – Milli Mətbuat Günü münasibətilə bir qrup media nümayəndəsi ilə görüş keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, şəhərdə və regionda fəaliyyət göstərən media nümayəndələri, ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Görüşdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev iştirakçıları 22 İyul – Milli Mətbuat Günü münasibətilə təbrik edərək Azərbaycan milli mətbuatının keçdiyi zəngin inkişaf yolundan, müasir medianın cəmiyyət həyatındakı rolundan və dövlət tərəfindən bu sahəyə göstərilən davamlı diqqət və qayğıdan ətraflı bəhs edib.
Şəhər rəhbəri bildirib ki, əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə qoyulan Azərbaycan milli mətbuatı ötən 151 il ərzində mürəkkəb, eyni zamanda şərəfli inkişaf yolu keçərək xalqın milli-mənəvi dəyərlərinin qorunmasında, maarifçilik ideyalarının yayılmasında və ictimai fikrin formalaşmasında mühüm rol oynayıb.
Anar Tağıyev vurğulayıb ki, müasir Azərbaycan mətbuatının inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətləri müstəsna əhəmiyyət daşıyır. Ulu Öndər hər zaman azad və peşəkar mətbuatın demokratik cəmiyyətin əsas sütunlarından biri olduğunu bildirərək kütləvi informasiya vasitələrinin inkişafına xüsusi diqqət göstərib. Onun rəhbərliyi dövründə media sahəsində həyata keçirilən məqsədyönlü islahatlar milli mətbuatın inkişafında yeni mərhələnin əsasını qoyub.
Qeyd olunub ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkədə söz və fikir azadlığının təmin edilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Məhz onun siyasi iradəsi nəticəsində 1998-ci ildə Azərbaycanda senzura tamamilə ləğv olunub ki, bu da milli mətbuat tarixində dönüş nöqtəsinə çevrilib. Bununla yanaşı, mətbuat üzərində inzibati nəzarət mexanizmlərinin aradan qaldırılması, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi və hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.
Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev jurnalistlərin cəmiyyət qarşısındakı məsuliyyətini yüksək qiymətləndirir, onların peşəkarlığının artırılması, sosial rifahının yaxşılaşdırılması və media orqanlarının inkişafı üçün mühüm qərarlar qəbul edirdi. Ulu Öndərin müəyyən etdiyi bu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Şəhər rəhbəri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə media sahəsində ardıcıl islahatlar həyata keçirilir, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, müasir media mühitinin formalaşdırılması, rəqəmsal transformasiya və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm tədbirlər görülür. Milli Mətbuat Gününün hər il dövlət səviyyəsində qeyd olunması da media nümayəndələrinin əməyinə verilən yüksək qiymətin göstəricisidir.
İcra Hakimiyyətinin Başçısı çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda aparılan Vətən müharibəsi və sonrakı dövrdə medianın üzərinə düşən məsuliyyətdən də danışıb. Bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan jurnalistləri informasiya cəbhəsində böyük fədakarlıq göstərərək həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, Ermənistanın dezinformasiya kampaniyasının ifşa edilməsində mühüm rol oynayıblar. Onların peşəkarlığı və vətənpərvərliyi Azərbaycan mediasının nüfuzunu daha da artırıb.
Çıxış edən media nümayəndələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar media sahəsində həyata keçirilən islahatların jurnalistlərin fəaliyyətinin daha səmərəli təşkili, peşəkarlığın yüksəldilməsi və müasir informasiya mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Sonda 22 İyul – Milli Mətbuat Günü münasibətilə bir qrup media nümayəndəsinə Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub, onların cəmiyyətin obyektiv məlumatlandırılması, dövlətçilik dəyərlərinin təbliği və milli maraqların qorunması istiqamətindəki xidmətləri yüksək qiymətləndirilib.






