Yevlaxda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında suverenliyini tam bərpa etmiş Azərbaycan” adlı tədbir keçirilmişdir
29 iyul 2025 | 14:30
Yevlaxda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında suverenliyini tam bərpa etmiş Azərbaycan” adlı tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, idarə və müəssisələrin rəhbərləri və gənclər iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublasının Dövlət himni səsləndirilmişdir.
Müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra tədbirin mahiyyətini əks etdirən qısa metrajlı video-çarx nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova qeyd edib ki, Azərbaycan qədim tarixi, zəngin mədəni irsi və mühüm coğrafi mövqeyi olan qüdrətli dövlətdir. Məlum olduğu kimi bu geniş coğrafiyada tarixin müxtəlif mərhələlərində çoxsaylı dövlətlər, həmçinin bu dövlətləri idarə edən rəhbərlər olmuşdur. Təəssüf hissi ilə, onu da qeyd edib ki, müəyyən dönəmlərdə həmin dövlət başçılarının, sərkərdələrin apardığı yanlış siyasət nəticəsində məhz torpaqlarımız işğala, soydaşlarımız isə soyqırımı aktlarına məruz qalmışdır. Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, Uca Tanrı xalqımıza və dövlətimizə Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev kimi güclü Sərkərdə bəxş etmişdir. Müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin müdrik siyasi kursunu ən yüksək səviyyədə uğurla həyata keçirən Ölkə Prezidenti cənab İlham Əliyev ötən müddət ərzində hər bir azərbaycanlının Prezidenti olduğunu əyani şəkildə sübuta yetirmişdir. Hələ 90-cı illərin başlanğıcında ölkəmizdəki siyasi qarşıdurma, vətəndaş müharibəsi, hakimiyyət uğrunda amansız mübarizə və nəticədə Ermənistan təcavüzkarlarının bu fürsətdən istifadə edib 20% torpaqlarımızı işğal məruz qoyması Azərbaycanı sözün həqiqi mənasında uçurumun kənarına yuvarlamışdı. Belə bir çətin dönəmdə ölkəsinin və xalqının qurtuluşuna imza atan Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edərək, inkişaf yoluna çıxardı. Ulu Öndərin təşəbbüsü ilə qısa zaman ərzində Ölkəmizin vahid Konstitusiyası yaradıldı, ordu quruculuğu sahəsində böyük nailiyyətlər əldə olundu, amansız işğala son qoyuldu və nəhayət Azərbaycan iqtisadi, siyasi, mədəni cəhətdən tərəqqi yoluna qədəm qoydu. 2003-cü ildən indiyədək Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev yürütdü bənzərsiz siyasətlə Ulu Öndərimizin siyasi xəttinə, Onun əsasını qoyduğu bu müqəddəs yola sadiq qalmaqla əsl liderlik keyfiyyətlərinə malik şəxsiyyət olduğunu bütün dünyaya nümayiş etdirdi. Xüsusilə vurğulamalıyam ki, yenilməz Ordu, güclü iqtisadiyyat, beynəlxalq müstəvidəki yüksək mövqe, müstəqil daxili və xarici siyasət və ən əsası qalib Ölkə bizim şanlı tariximizə qızıl hərflərlə yazıldı. Bütün bunlar öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. Yeni əsrin yeni lideri cənab İlham Əliyev ötən illər ərzində Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən sarsılmaz dövlətə çevirdi. Bu güc sayəsində doğma Qarabağın 30 il davam edən işğalına cəmi 44 gündə son qoymaq mümkün oldu. Müzəffər Ali Baş Komandan və Onun rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusu düşmənə döyüş meydanında diz çökdürdü. Biz həqiqətən tarixi günlər yaşadıq və bu gün də yaşayırıq. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Üç mühüm güc – iqtisadi, siyasi və hərbi güc, həmçinin onların vəhdəti Azərbaycanın Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi oldu.Ötən illər həm də onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir. Üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Müzəffər Ali Baş Komandamız ali rəhbərliyi altında Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəran və digər əzəli torpaqlarımızda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. Azərbaycan demokratik və suveren dövlət olduğunu sübuta yetirdi. Bu gün biz “Konstitusiya və Suverenlik İli” çərçivəsində müstəqil və suveren dövlət kimi Qarabağı cənnətə çevirir, həmvətənlərimizin öz əzəli yurduna qayıdışını uğurla təmin edirik. Beləliklə, Möhtərəm Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı.
Tədbirdə çıxış edənlər Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax şəhər nümayəndəsi Günel Cəfərova, Şəhər Q.Məhərrəmov adına 4 nömrəli tam orta məktəbin direktoru Zərif Mehtiyeva, Salahlı kənd tam orta məktəbinin direktoru Lalə Məmmədova, Yevlax rayonu üzrə Gənclər və İdman sektorunun gənclər sahəsi üzrə baş məsləhətçisi Hüseyn Həsənov, Yevlax Şəhər Mədəniyyət Mərkəzinin bədii rəhbəri Sevda Əliyeva vurğulayıb ki, bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədiyyətədək yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan onun layiqli davamçısı – dövlət başçısı cənab İlham Əliyevin ali rəhbərliyi altında bundan sonra daha da inkişaf edəcək, müəyyənləşdirdiyi strateji hədəflərə uğurla çatacaqdır.Bu gün Azərbaycan, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasını uğurla davam etdirərək, suverenliyini qətiyyətlə qoruyur və gücləndirir. Bu irs, xalqımızın müstəqillik yolunda ən böyük təminatıdır.






