Yevlaxda "Konstitusiya və Suverenlik İli" çərçivəsində 12 Avqust – Beynəlxalq Gənclər Gününə həsr olunmuş əyləncəli tədbir keçirilmişdir
11 avqust 2025 | 16:18
"Konstitusiya və Suverenlik İli" çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyətinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mərkəzi Aran Regional Nümayəndəliyinin və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax rayonu üzrə nümayəndəsinin, MİHİ Yevlax rayon Komitəsinin birgə təşkilatçılığı ilə “Yevlax Gənclər Məkanı”nda 12 Avqust – Beynəlxalq Gənclər Gününə həsr olunmuş əyləncəli tədbir keçirilmişdir.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nərmin Fərzəliyeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mərkəzi Aran Regional Nümayəndəliyinin rəhbəri Elvin Əjdərli, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax rayonu üzrə nümayəndəsi Günel Cəfərova, MİHİ Yevlax rayon Komitəsinin sədri Seymur Novruzov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi Yevlax rayon üzrə Gənclər və İdman sektorunun əməkdaşları və gənclər iştirak etmişlər.
Tədbirdə əvvəlcə Xalqımızın Ümimmilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz uğrunda canlarınmı qurban vermiş şəhidlərimizin müqəddəs ruhları 1 dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nərmin Fərzəliyeva bildirdi ki, 1998-ci ildə hər il avqustun 12-sinin Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Həmin vaxtdan etibarən hər ilin bu günü gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə dünyada geniş qeyd olunur. Azərbaycan bu sahədə də bir çox ölkələri, o cümlədən beynəlxalq ictimaiyyəti qabaqlayıb. Belə ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (1998-ci il avqustun 8-12-də) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib. Ölkəmizdə gənclərə ən yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Xalqımızın ulu öndəri Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb.
Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqətdədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdərılan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mərkəzi Aran Regional Nümayəndəliyinin rəhbəri Elvin Əjdərli, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax rayonu üzrə nümayəndəsi Günel Cəfərova Ümummilli Liderimiz Heydər Əliyev və Onun siyasətini bütün sahələrdə uğurla davam etdirən Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan bəhs etdilər, bu günün önəmindən danışdılar.
Daha sonra tədbir müxtəlif növ musiqi, rəqs nümunələri və əyləncəli oyunlarla davam etdirilib. Tədbirin sonunda aktiv gənclər diplomla təltif olundular.






