Yevlaxda “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib
11 mart 2026 | 14:49
Yevlaxda “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Yevlax şəhərində “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova,ŞİHB-ı aparatının əməkdaşları, Ombudsman Aparatının əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, nümayəndələri iştirak ediblər.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova giriş nitqi ilə çıxış edərək, qonaqları salamlayıb, maarifləndirmə tədbirinin əhəmiyyətini qeyd edib. Bildirib ki, informasiya əldə etmək hüququnun təmin olunması demokratik cəmiyyətin mühüm göstəricisidir və bu istiqamətdə həyata keçirilən tədbirlər cəmiyyətdə hüquq mədəniyyətinin formalaşmasında vacib rol oynayır.
Sonra Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova çıxış edərək, Müvəkkilin informasiya sahiblərinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirməsinin xüsusiyyətləri barədə məlumat veriblər.
İnformasiya əldə etmək hüququnun təmini və təbliği, bu hüququn pozulması ilə əlaqədar daxil olan müraciətlərin baxılması və cavablandırılması, Ombudsmanın protokol tərtib etmək səlahiyyəti, monitorinq və təhlillərin həyata keçirilməsi ilə bağlı məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin iştirakçılar informasiya əldə etmək hüququnun tarixi inkişafı və bu hüquqla bağlı beynəlxalq sazişlər haqqında ətraflı məlumatlandırılıb.
Yekunda “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda videoçarx nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






