Yevlaxda “İlham Əliyev:Azərbaycan tarixi və gəncliyi üçün qəhrəmanlıq nümunəsi” mövzusunda tədbir keçirilib
15 avqust 2026 | 16:54
Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “İlham Əliyev:Azərbaycan tarixi və gəncliyi üçün qəhrəmanlıq nümunəsi” mövzusunda tədbir keçirilib.
YAP Yevlax rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailəsinin nümayəndələri, müharibə iştirakçıları, təhsil, səhiyyə,mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib.
Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova qeyd edib ki, Azərbaycanın müasir dövlətçilik tarixi, Ulu Öndər Heydər Əliyevin dühası ilə təməli qoyulan və Ölkə Prezidenti cənab İlham Əliyevin liderliyi ilə zirvəyə ucalan möhtəşəm bir inkişaf yoludur. Ulu Öndərin ən böyük vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək tariximizə Qalib Lider kimi adını qızıl hərflərlə yazdırmışdır. Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən, dünyada analoqu olmayan genişmiqyaslı abadlıq və quruculuq işləri məhz cənab Prezidentin titanik fəaliyyətinin bəhrəsidir.
YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının maraqları naminə olan misilsiz xidmətlərindən geniş bəhs edərək, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi və siyasi strategiya məhz xalq ilə ordunun sarsılmaz birliyini yaradaraq Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirdi. Qeyd edilib ki, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi sayəsində bu gün Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş, Qoşulmama Hərəkatı kimi nəhəng təşkilatlara uğurla sədrlik edən, qlobal enerji təhlükəsizliyində söz sahibi olan, müstəqil,qüdrətli və suveren dövlətdir.
Tədbirdə çıxış edənlər Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax rayonu üzrə nümayəndəsi Günel Cəfərova, 11 saylı Vergilər Baş İdarəsinin Xidmət şöbəsinin rəisi Ruhin Vəliyev və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə təhsil sektorunun məsləhətçisi Fərid Nağızadə vurğulayıblar ki, Prezident İlham Əliyev hər zaman Azərbaycanın milli maraqlarını ən ali meyar hesab edərək, qətiyyətli və tam müstəqil xarici siyasət yürüdür. Sevindirici haldır ki, müasir Azərbaycan gəncliyi dövlət rəhbərinin ətrafında sıx birləşərək, onun müdrik siyasətini özü üçün ən ali qəhrəmanlıq və dövlətçilik məktəbi hesab edir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.






