Yevlaxda “Heydər Əliyev İli “ çərçivəsində “Tarix yazan əbədiyaşar Lider” mövzusunda tədbir keçirilib
31 oktyabr 2023 | 14:22
Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Tarix yazan əbədiyaşar Lider” mövzusunda tədbir keçirilib. YAP Yevlax rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonda fəaliyyət göstərən idarə,müəssisə rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd edib ki, hər bir tarixi şəxsiyyətin öz xalqı və bəşəriyyət üçün tarixi izləri mövcuddur. Bu şəxsiyyətlərin işlətdikləri hər bir kəlam sonradan öz əhəmiyyəti və mühümlüyü ilə yeni tarixlərin yazılmasına xidmət edir. "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır", məhz bu tarixi kəlam Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevə məxsusdur. Bütün fəaliyyəti ilə xalqa, Azərbaycan dövlətinə bağlı olan Dahi Öndərimiz bu qızıl sözlərini öz əməli ilə həyata keçirdi və bu gün də həmin kəlamlar yaşadılmaqda, müasir Azərbaycanın inkişafında rol almaqda davam edir.Qürurla vurğulayırıq ki, Azərbaycanın beynəlxalq nüfuzunun artmasından tutmuş doğma Qarabağımızda möhtəşəm Zəfərimizin təmin edilməsinə qədər bütün uğurlarımızın təminatçısı, Ulu Öndərin layiqli davamçısı Müzəffər Ali Baş Komandan,Ölkə Prezident cənab İlham Əliyevdir. Bu gün Azərbaycan çox sürətlə inkişaf edir və təsadüfi deyil ki, ölkəmiz XXI əsrin ən uğurlu siyasətə və güclü iqtisadiyyata malik müstəqil dövləti statusunu qazanmışdır.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova Ulu Öndər Heydər Əliyevin xalqımızın maraqları naminə olan misilsiz xidmətlərindən geniş söhbət açaraq, bildirib ki, Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən etibarən mənsub olduğu xalqın tükənməz yaradıcılıq enerjisinin, milli müstəqillik duyğularının reallaşmasına çalışan Ümummilli Lider Heydər Əliyev xalqımızı dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə çatdırmaq üçün əlindən gələni əsirgəməmişdir. Ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndərimizin ölməz ideyaları bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ötən müddət ərzində dövlətimizin başçısının yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Bəli, bu gün zaman dahi Heydər Əliyev siyasətinin alternativsizliyini və xalqın cənab İlham Əliyevi dəstəkləməklə ən doğru addım atdığını göstərir.
Daha sonra tədbirdə çıxış edənlər Yevlax rayon Yaldili kənd tam orta məktəbinin direktoru Orxan Baxşəliyev, Yevlax Mədəniyyət Mərkəzinin bədii rəhbəri Sevda Əliyeva, Yevlax şəhər 9 №-li tam orta məktəbin müəllimi Xəyalə Rəcəbova vurğulayıblar ki, Azərbaycan cəmiyyəti və dövləti üçün çox çətin bir dönəmdə xalq öz xilaskarına üz tutaraq dünya şöhrətli siyasətçi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevi taleyin ümidində qalmış müstəqil dövlətin rəhbərlyinə gətirdi. Əlbəttə, bunun üçün, qarşıda, bütövlükdə, düzgün, zamanın tələblərinə cavab verən, Azərbaycanı böhran vəziyyətindən çıxaracaq dövlətçilik fəlsəfəsi hazırlamaq gərək idi. Heydər Əliyev dühası bu zərurəti parlaq surətdə gerçəkləşdirdi.Azərbaycan hərtərəfli inkişaf etdi, müstəqilliyimiz möhkəmləndi, beynəlxalq müstəvidə söz sahibinə çevrildi və işğalçıların amansız təcavüzünə son qoyuldu. Bu gün Azərbaycan xalqı çox xoşbəxtdir ki, həmin müdrik siyasət dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir və ölkəmiz firavan gələcəyə doğru inmala addımlayır.
Tədbirin sonunda Yevlax şəhər nömrəli tam orta məktəbin şagirdi Fatimə Abbaslı tərəfindən Xalqımızın Ümummilli Lideri Heydər Əliyevə həsr edilən şeir səsləndirilib.