Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilmişdir

14 sentyabr 2023 | 15:43
Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova,YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, rayonda fəaliyyət göstərən idarə və müsəssisə rəhbərləri, Vətən müharibəsi iştirakçıları, idmançılar və gənclər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış əzəmətli abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini dərin ehtiram hissi ilə yad ediblər.
Tədbirdə müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi müdrik gənclər siyasətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxışında bildirib ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Ümummilli Liderin gənclər siyasətiylə bağlı yuxarıda qeyd etdiyimiz istiqamətlərdə gördüyü işlər Prezidentimiz Cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Qeyd edilib ki, cənab Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşməni döyüş meydanında məhv edən Azərbaycan Ordusnun mütləq əksəriyyəti gənclərdən ibarət idi. Sevindirici haldır ki, Prezident İlham Əliyevin düzgün və məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan gəncləri məhz vətənpərvər, cəsur, bilikli, elmli və milli ruhda yetişir.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan və müdrik siyasətindən geniş söhbət açaraq,qeyd edib ki, dahi Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun gələcəyimizə - Azərbaycan gəncliyinə verdiyi töhfələrdir. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Ümummilli Liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərlə əlaqədar yüksək səviyyəli Forumların keçirilməsi, ölkəmizdə hər il “Gənclər Günü”-nün rəsmi səviyyədə qeyd edilməsi məhz Ulu Öndərimizin Azərbaycan gəncliyinin inkişafına verdiyi ən böyük töhfə olmuşdur. Rafiq Əliyev vurğulayıb ki, bu gün möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həm gənclər və idman, həm də digər bütün sahələr böyük inkişaf yolu keçir, bu istiqamətdə müvafiq Dövlət Proqramları həyata keçirilir və əldə olunan uğurlu nailiyyətlər nəticəsində Azərbaycan bayrağı yüksək zirvələrdə dalğalanır.
Çıxış edən Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov qeyd edib ki, dahi Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı, sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı.Azad Gözəlov Prezident İlham Əliyevin təşəbbüsü ilə gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlərdən, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkanlardan danışaraq, tədbirin təşkilatçılarına minnətdarlıq hissini ifadə edib, rayon gənclərinə uğurlar arzuladı.
Vətən müharibəsi iştirakçısı,ehtiyatda olan mayor Bayram Hüseynov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Yevlax sektorunun aparıcı məsləhətçisi Pərviz Hüseynov və YAP Yevlax rayon təşkilatının fəalı Nilufər Abbasova müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin gənclərə olan diqqət və qayğısı, yürütdüyü dövlət gənclər siyasətinin mühüm aspektləri və hazırda Prezident İlham Əliyevin güclü siyasəti ilə ölkəmizdə aparılan kadr hazırlığı, təşkilatlanma və gənclərin hərtərəfli inkişafı naminə görülən böyük işlər haqqında danışıblar.
Sonda müxtəlif sahələrdə nailiyyətlər əldə edən gənclər təşkilatçılar tərəfindən Fəxri fərmanla təltif edilmişlər.
Keçidlər