Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib

01 avqust 2023 | 18:21
Yevlaxda “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib
“Heydər Əliyev İli” çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib. tədbirdə YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Hümbət Əhmədov, Yevlax rayon Ağsaqqallar şurasının sədr müavini Sərdar Məmmədov, təhsil, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
Əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan və müdrik dil siyasətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Hümbət Əhmədov, YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov, YAP Yevlax rayon təşkilatının əməkdaşı Zülfiyyə Mahmudova, Yevlax rayon Ağsaqqallar Şurasının sədr müavini Sərdar Məmmədov, Yaldili kənd tam orta məktəbinin direktoru Orxan Baxşəliyev tədbirdə çıxış etdilər.
Çıxışlarda qeyd olunub ki, tarixin ağrılı-acılı sınaqlarından uğurla çıxan ana dilimiz ən dəyərli milli mənəvi sərvətimizdir. Hər bir dili yaşadan, inkişaf etdirən xalqdır. Lakin dilin zənginləşməsi, saflaşması, beynəlxalq nüfuz qazanması, dünya dilləri arasında özünəməxsus yer tutması xalqın dəyərli övladları tərəfindən həyata keçirilir. Milli varlıq və birliyin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın, hər bir millətin mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Bu baxımdan hər millətin inkişafında ən mühüm varlıq və yaşanma amili olan dilin müstəsna rolu vardır. XX əsrin 70-ci illərdən sonra ölkəmizin iqtisadi, ictimai və siyasi sahələrində olduğu kimi, dilin inkişafında da dönüş dövrü başladı.
Ümumiyyətlə, Azərbaycan Respublikasında ana dilimizin istifadəsinin genişlənməsinə, ümumilikdə, bu sahəyə xüsusi qayğı əsasən vətənini canından çox sevən müdrik dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra geniş vüsət almışdır. XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır.
Dili milli amil kimi yüksək qiymətləndirən Ulu Öndər ötən əsrin 60-cı illərindən başlayaraq öz zəngin təcrübəsi, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində ardıcıl olaraq ana dilimizin dövlət dili səviyyəsində inkişaf etməsinə xüsusi diqqət yetirmişdir.
O dövrdə ölkədə milli dillərin sıxışdırılması siyasətinin yeridildiyi bir zamanda Ulu Öndər ana dilinin – Azərbaycan dilinin inkişafına böyük səy göstərirdi. Hər bir xalqın milli-mənəvi dəyərlərinin yaradılması və inkişaf etdirilməsində ana dilinin müstəsna rol oynadığını deyən türk dünyasının lideri Heydər Əliyev Azərbaycan dilinin daha da zənginləşdirilməsi, dövlət dili statusunun qorunması sahəsində bir-birinin ardınca mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirirdi. Ana dilində dərsliklərin və kitabların nəşrinin genişləndirilməsi, dilçi alimlərə qayğı göstərilməsi belə tədbirlərdən idi.
Kommunist ideologiyasının hakim olduğu bir dövrdə milli dil məsələsinin ortaya atılması tutduğu vəzifədən asılı olmayaraq hər bir şəxs üçün bir növ tale məsələsi ola bilərdi. Hətta bu məsələ bir çox xalqların siyasi xadimləri üçün faciə ilə nəticələnmişdi. Bütün bunlara baxmayaraq, Ümummilli Lider Heydər Əliyev ana dilinin inkişafına qətiyyətlə çalışırdı. Ulu Öndər Sovet rejiminin tüğyan etdiyi bir vaxtda deyirdi ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Beləliklə, SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya layihələri dərc olunaraq ümumxalq müzakirəsinə verildi.
Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Həmin konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün bir nümunə rolunu oynamalı idi və faktik olaraq oynayırdı. Həmin konstitusiyada isə elə əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmadı. Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması uğrundakı mübarizəsini davam etdirirdi. De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin konstitusiyada qeyd olunmamasına dözə bilməzdi. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə apardı və bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərdi.
1978-ci il aprel ayının 2-də Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (əsas qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.
Uzaqgörənliyi ilə hər zaman siyasətçiləri təəccübləndirən Heydər Əliyev burada da öz dərin ağlı və dəmir iradəsi hesabına ana dilinin qorunmasına nail oldu.
Azərbaycan dövlət müstəqilliyinin rəmzlərindən sayılan Azərbaycan dili Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində xalqın milli mənəvi sərvətinə çevrilərək kamillik zirvəsini yaşamaqdadır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi ana dilimizin hərtərəfli inkişaf etdirilməsi sahəsində də Ümummilli Lider Heydər Əliyev tərəfindən böyük işlər həyata keçirilib, 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib, Azərbaycan dilinin siyasi hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində bir sıra Fərman və Sərəncamlar verilib. Ümummilli Liderin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqust ayının 1-i “Azərbaycan əlifbası və Azərbaycan dili” günü kimi təsis edilib.
Bütün sahələrdə olduğu kimi Azərbaycan dilinin inkişafı və onun dövlət səviyyəsində işlədilməsi, məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqı, Azərbaycan dili var olduqca Heydər Əliyev də var olacaq, bizimlə, qəlbimzidə yaşayacaqdır.
Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və kənar təsirlərdən qorunması, dilimizin saflığı, təmizliyinin təmin edilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən siyasət bu gün Möhtərəm Prezidentimiz,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu siyasət davam etdirilərək, qloballaşma və zamanın tələblərinə uyğun olaraq Azərbaycan dilinin və dilçiliyin inkişafı haqqında ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən sərəncam imzalanıb. Bu sərəncamda Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsinin bütün perspektivləri müəyyənləşdirilib. Qloballaşma şəraitində böyük dillər xırda dilləri udur. Bu baxımdan Azərbaycan dilinin böyük dillər səviyyəsində inkişafını təmin etmək üçün verilən başlıca proqramlar müəyyənləşdirilib.
Bu sahədə cənab Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən tədbirlər, dilimizin inkişafı və qorunması üçün münbit qanunvericilik bazasınının daha da möhkəmləndirməsi naminə qəbul olunan qərarlar müstəsna əhəmiyyətə malikdir.
Keçidlər