Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev kursu - İlham Əliyev siyasəti: İnkişafdan zəfərə” adlı konfrans keçirilib

13 oktyabr 2023 | 14:05
Yevlaxda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev kursu - İlham Əliyev siyasəti: İnkişafdan zəfərə” adlı konfrans keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev kursu-İlham Əliyev siyasəti: İnkişafdan zəfərə” adlı konfrans keçirilib. Konfransda Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Azərbaycan Respublikasının Milli Məclisinin sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssiələrinin rəhbərləri, Vətən müharibəsi qaziləri, veteranlar, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edərək, dahi şəxsiyyətin xatirəsini dərin ehtiram hissi ilə yad ediblər.
İqtisadiyyat Nazirliyi Aran regional bölməsinin akt zalında keçirilən tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səslənlənib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasi fəaliyyətindən bəhs edən “XXI əsrin Fatehi “ adlı videoçarx nümayiş etdirilib.
Konfransda çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev bildirdi ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, intellektual səviyyəsi və müasir dövrün siyasi xadimləri üçün xarakterik olan bütün yüksək keyfiyyətləri mənimsəməsi onun tam qələbəsini təmin etdi. Bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlanıb. 20 il öncə Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə həm də Ulu Öndər Heydər Əliyevə, onun siyasi kursuna sadiqliyini nümayiş etdirdi. Bu, xalqımızın Ümummilli Liderə sevgisinin və sonsuz inamının bir daha təsdiqi oldu. Ölkə rəhbərliyinə başladığı ilk gündən sözlə əməlin vəhdət nümunəsini yaradan Prezident İlham Əliyev bütün fəaliyyətini respublikamızın yüksəlişinə, beynəlxalq birlikdə mövqelərini möhkəmləndirməsinə, iqtisadi və hərbi cəhətdən qüdrətlənməsinə, əhalinin sosial rifahının yüksəldilməsinə həsr etdi. Bu baxımdan ötən 20 ilin reallıqları göstərir ki, cənab İlham Əliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin memarı və qurucusu olduğu dövlətimizi daha da ucaldan bir rəhbər kimi prezidentlik missiyanı layiqincə həyata keçirir. Bu gün Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir.
Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır. Məhz dövlət başçısının uğurlu layihələri, proqramları ilə bölgələrin iqtisadi potensialı hərəkətə gətirildi. Nəinki şəhərlərin, hətta qəsəbələrin, kəndlərin siması dəyişdi. Əminliklə demək olar ki, 20 ildə bütün Azərbaycan yenidən qurulub. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. şübhə yoxdur ki, buna da az qalıb.
Azərbaycan tarixinin şanlı səhifəsini təşkil edən İkinci Qarabağ müharibəsində möhtəşəm Qələbə Prezident İlham Əliyevin liderlik missiyasının ən parlaq ifadəsi, təzahürü və özünü təsdiqi sayılır. Bu gün Azərbaycan dövləti daha bir nümunə göstərir, ermənilərin xaraba qoyuduqları rayonlarımızı, kəndlərimizi öz maliyyə imkanları hesabına yenidən qurur, dirçəlib abadlaşdırır, bu yerlərə həyat gətirir.
Ölkəmizdə həyata keçirilən inkişaf proseslərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri vardır. Mehriban xanım Əliyeva özünün çoxşaxəli fəaliyyəti ilə müxtəlif sahələr üzrə dövlət siyasətinin daha böyük uğurlar qazanmasına layiqli töhfələr verir.
Bu gün Prezident İlham Əliyev qədim tariximizin ən qüdrətli Azərbaycanını yaradıb. Respublikamızı dünyanın ən dinamik inkişaf edən ölkələri sırasına, bugünkü yüksəliş və tərəqqi zirvəsinə çatdırıb. Prezident İlham Əliyevin dövlətə rəhbərlik etdiyi ötən 20 il Azərbaycanın inkişafı baxımından çox məsul dövr kimi tarixə həkk olunub.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı İlham Məmmədov,YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev və təqaüddə olan Əməkdar müəllim Zərxanım Əhmədova bildiriblər ki, Azərbaycan Prezidentinin 20 il ərzində apardığı düzgün və məqsədyönlü siyasəti nəticəsində torpaqlarımızın bütövlüyü təmin olunub, iqtisadi və siyasi gücümüz artıb, ölkəmiz saysız-hesabsız uğurlar qazanıb, bir sözlə Azərbaycanı qüdrətli və sarsılmaz dövlətə çevirib.
Tədbirin sonunda 4-cü Muğam müsabiqəsinin laureatı Gülzar Fərəcovanın ifasında milli və vətənpərvərlik ruhunda musiqi nömrələri təqdim olunub.
Keçidlər