Yevlaxda “Heydər Əliyev Azərbaycan Ordusunun qurucusudur” mövzusunda tədbir keçirilib
10 aprel 2023 | 11:42
Yevlaxda “Heydər Əliyev Azərbaycan Ordusunun qurucusudur” mövzusunda tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalqının Ümummili Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev Azərbaycan Ordusunun qurucusudur” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi, mayor Samir Qurbanov, Vətən Müharibəsi qaziləri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Əvvəlcə müstəqil, müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhraman şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev zəngin və çoxşaxəli siyasi fəaliyyəti ilə xalqımızın yaddaşında əbədilik qazanmışdır. O, təkcə xalqımızın deyil, eyni zamanda, bütün dünyanın şəxsiyyətinə böyük hörmət bəslədiyi siyasi lider idi. Dahi Heydər Əliyev müdrik siyasəti ilə Azərbaycanı uçurumun kənarından, yox olmaq təhlükəsindən xilas edərək böyük inkişaf yoluna çıxardı. Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi, humanitar və digər bütün sahələr üzrə inkişafın pik həddində qərarlaşması məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı Dövlətimizin Başçısı,Ali Baş Komandan cənab İlham Əliyevin vahid komandanlıq altında formalaşdırdığı qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbə Ümummilli Liderin ordu quruculuğu sahəsindəki mükəmməl siyasətinin məntiqi nəticəsidir.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli, şərəfli, mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən, millətimiz və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin qurulması və formalaşdırılması istiqamətində gördüyü nəhəng işlərdən söz açaraq, Ulu Öndərin müəyyən etdiyi, Azərbaycanın parlaq gələcəyinə hesablanmış siyasi kursu uğurla davam etdirən Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən ordu quruculuğunda əldə olunmuş böyük nailiyyətləri diqqətə çatdırdı. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında onlarla hərbi təyinatlı müəssisələrin yaradılmasından, orada istehsal olunan yüzlərlə hərbi təyinatlı müxtəlif məhsulların hesabına ordumuzun potensialının artırılmasından, eyni zamanda hərbi məhsullarımızın digər ölkələrə ixrac olunmasından, bununla bərabər, xarici ölkələrdən ən müasir hərbi texnika və silahlar alınmaqla Silahlı Qüvvələrimizin maddi-texniki bazasının daha da gücləndirilməsindən bəhs edən Şəhər rəhbəri qeyd etdi ki, Vətən müharibəsində şanlı tarix yazan Azərbaycan Ordusunun bütün şəxsi heyəti xalqımızın sonsuz sevgisini qazanmışdır.Qeyd edilib ki, bu gün şəhid ailəsinin nümayəndələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən xüsusi diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Sonra tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçıları vurğulayıblar ki, tarixin xalqlara verdiyi şansları nadir sərkərdələr reallaşdırmağa qadir olurlar. Dahi Heydər Əliyev bu mənada xalqı, dövləti qarşısında üzərinə düşən missiyanı layiqincə yerinə yetirmiş bir şəxsiyyətdir.Məhz bu gün Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın yenilməz Ordusu Cənab Ali Baş Komandanın vahid komandanlığı altında şanlı Zəfər qazanmışdır. Bu Qələbədə iştirak etdiyimiz üçün özümüzü xoşbəxt nəslin nümayəndələri hesab edirik.
Görüş çərçivəsində Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunmuşdur. Vətən Müharibəsi qaziləri və veteranları onlara göstərilən xüsusi diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.