Yevlaxda fermerlərlə növbəti maarifləndirici görüş keçirilib
07 avqust 2026 | 14:23
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası istiqamətində Yevlax rayonunda silsilə görüşlər davam etdirilir.
Bu çərçivədə Yevlax rayonunun Salahlı bələdiyyəsi ərazisində fəaliyyət göstərən fermerlərlə maarifləndirici görüş keçirilib. Görüşdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev,ŞİHB-ı aparatının məsul əməkdaşları, Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbasəli Rüstəmov, Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Tural Mahmudov və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri, kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislər və fermerlər iştirak ediblər.
Görüşdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev bildirib ki, maarifləndirici tədbirin əsas məqsədi Dövlət Proqramından irəli gələn vəzifələrin Yevlax rayonunda səmərəli icrasını təmin etmək, aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərini fermerlərə çatdırmaq və onların bu sahədə bilik və bacarıqlarını artırmaqdan ibarətdir.
Qeyd olunub ki, Dövlət Proqramında kənd təsərrüfatının dayanıqlı inkişafı, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, torpaq və su ehtiyatlarından səmərəli istifadə, müasir innovativ texnologiyaların tətbiqi, aqrar istehsalın rəqabət qabiliyyətinin artırılması, məhsul istehsalı və emalının genişləndirilməsi, eləcə də fermerlərə göstərilən dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi əsas prioritet istiqamətlər kimi müəyyən olunub. Xaliq Əliyev vurğulayıb ki, aqrar sahənin inkişafı ölkə rəhbərliyinin diqqət mərkəzindədir və kənd təsərrüfatının müasir çağırışlara uyğun inkişaf etdirilməsi, fermerlərin dövlət dəstəyi mexanizmlərindən daha səmərəli istifadə etməsi və rəqabətqabiliyyətli istehsalın təşviqi məqsədilə belə maarifləndirici görüşlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. O, fermerləri dövlət tərəfindən yaradılmış imkanlardan fəal şəkildə yararlanmağa, yeni texnologiyaların tətbiqinə üstünlük verməyə və istehsalın səmərəliliyinin artırılması istiqamətində səylərini davam etdirməyə çağırıb.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdir müavini – Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri Allahverdi Quliyev “Vətəndaş mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınması. Torpaq konsolidasiyası üzrə pilot layihələrin həyata keçirilməsi” mövzusunda çıxış edərək torpaq münasibətlərinin hüquqi tənzimlənməsi, torpaq sahələrinin dövlət qeydiyyatının əhəmiyyəti və torpaq konsolidasiyası layihələrinin kənd təsərrüfatının inkişafına verəcəyi töhfələr barədə ətraflı məlumat verib.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini-Ərazi-təşkilat məsələləri sektorunun müdiri Anar Hüseynov “Kənd təsərrüfatı statistik məlumatlarının elektronlaşdırılması” mövzusunda çıxış edərək aqrar statistik məlumatların elektron platformalar üzərindən toplanmasının, rəqəmsallaşdırmanın və məlumat bazalarının formalaşdırılmasının kənd təsərrüfatının idarə olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbasəli Rüstəmov “Yeni subsidiya əmsallarının və aqrar sığorta mexanizminin tətbiqi. Kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlarının lizinq mexanizmi” mövzusunda çıxış edərək yeni subsidiya mexanizmləri, aqrar sığortanın üstünlükləri, güzəştli lizinq şərtləri ilə müasir kənd təsərrüfatı texnikalarının əldə olunması imkanları barədə ətraflı məlumat verib, fermerləri dövlət dəstəyi alətlərindən daha fəal istifadə etməyə çağırıb.
Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Tural Mahmudov “Su ehtiyatlarından səmərəli istifadə, müasir suvarma sistemlərinin tətbiqi” mövzusunda çıxış edərək mövcud su ehtiyatlarının qorunmasının vacibliyini, suvarmada müasir texnologiyaların tətbiqinin məhsuldarlığa müsbət təsirini və su itkilərinin minimuma endirilməsi istiqamətində görülən işləri iştirakçıların diqqətinə çatdırıb.
Salahlı Sudan İstifadə Edənlər Birliyinin sədri Vidadi Hüseynov “Sudan İstifadə Edənlər Birlikləri vasitəsilə mövcud suvarma və təsərrüfatdaxili suvarma şəbəkələrindən səmərəli istifadəni təmin etmək məqsədilə tədbirlərin görülməsi” mövzusunda çıxış edərək təsərrüfatdaxili suvarma şəbəkələrinin səmərəli idarə olunması, su bölgüsünün düzgün təşkili və sudan qənaətlə istifadənin əhəmiyyətindən bəhs edib.
Görüş çərçivəsində fermerləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, onları narahat edən suallar aidiyyəti qurumların nümayəndələri tərəfindən ətraflı cavablandırılıb, səsləndirilən təklif və müraciətlər dinlənilərək qeydiyyata alınıb.






