Yevlaxda “Ətraf mühitin qorunmasında və sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib
06 may 2024 | 16:57
Yevlaxda “Ətraf mühitin qorunmasında və sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Ətraf mühitin qorunmasında və sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib.
Əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan və ekologiya sahəsindəki müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini Elnarə Əzizova qeyd edib ki, Ulu Öndərimiz Heydər Əliyev respublikamızda ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ulu Öndərin fəaliyyəti dövründə ölkədəki ekoloji vəziyyət həmişə xüsusi diqqət mərkəzində olub, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən olunmuş prioritetlər üzrə tədbirlər görülüb. Heydər Əliyevin uzaqgörən siyasəti, o cümlədən, ekologiya sahəsində verdiyi tövsiyələr bu gün də görülən işlərdə rəhbər tutulmaqdadır.Dahi Heydər Əliyevin rəhbərliyi dövründə, 1969-1982-ci illərdə ətraf mühit sahəsində 8 qanun qəbul olunub, Hökumət səviyyəsində 30-dan artıq qərar təsdiq edilib.1993-cü ildə yenidən hakimiyyətə gəlmiş Ulu Öndərimiz ekoloji məsələləri bir daha ön cərgəyə çəkdi və meşə, torpaq, su və s. Haqqında bir sıra yeni qanunlar qəbul edildi. 1998-ci ildə ekoloji prioritetləri müəyyən edən “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı” hazırlandı. Bu Proqramda nəzərdə tutulmuş layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycanda müasir Təhlükəli Tullantılar poliqonu, Xıllı Nərə Balıqartırma zavodu inşa edildi.2003-cü ildə Heydər Əliyev tərəfindən ekoloji siyasətin müasir strategiya sənədi olan “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişafa dair” Milli Proqram təsdiq edildi. Bu strateji proqram əsasında ətraf mühitin müxtəlif sahələri üzrə 4 milli və dövlət proqramları, Kompleks tədbirlər Planı təsdiq edilib və həyata keçirilir. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanda ekoloji mühitin sağlamlaşdırılması bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ali rəhbərliyi ilə dövlət siyasətində prioritet məsələlərdən biridir.
Tədbirdə çıxış edənlər Yevlax şəhər 7 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Ağayeva, Yevlax şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sədaqət Şükürova və Yevlax rayon Hürüuşağı kənd tam orta məktəbin direktoru Elgün İsmayılov vurğulayıblar ki, Ulu öndər Heydər Əliyev Azərbaycanda rəhbər olduğu müddətdə bütün sahələrdə olduğu kimi ekoloji problemlərin həlli məsələlərini də daim diqqət mərkəzində saxlayıb. Dahi rəhbər ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə daim xüsusi qayğı ilə yanaşıb. Onun hakimiyyəti illərində ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət alıb və formalaşmağa başlayıb. Qeyd edilib ki, dahi Liderin bizə miras qoyduğu müstəqil, sağlam ətraf mühiti olan və qüdrətli Azərbaycanı hər birimiz göz bəbəyi kimi qorumalı, ölkəmizin ekoloji təhlükəsizliyi naminə üzərimizə düşən vəzifələri layiqincə icra etməliyik.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxış edərək, diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin zəngin maddi sərvətlərimizə yaşıllığa, meşələrə, dağlara, çaylara, bulaqlara bir sözlə, təbiətə münasibəti onun azərbaycançılıq ideyasının tərkib hissəsi idi. Bu münasibətlərdə Azərbaycana nəhayətsiz sevgidən, ana Vətənə məhəbbətdən doğan heyrətamiz bir cazibə qüvvəsi vardı. Dünyanın tanınmış siyasətçisi, xalqın əbədi lideri, Ulu Öndərin təbiət sevgisində də dövləti idarə etmək səriştəsi, Azərbaycanı dünyaya tanıtmaq missiyası möhkəm və dönməz idi. Sevindiricidir ki, bu tendensiya indi də yaşayır. Ölkədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan müdrik siyasət, uğurla idarəetmə strategiyası və yüksək təşkilatçılıq nəticəsində bu gün Azərbaycanın bir sıra ekoloji problemlərini həll etmək üçün ölkəmiz bu sahədə ən səriştəli beynəlxalq təşkilatlar cəlb olunmuş, birgə fəaliyyət nəticəsində alternativ enerji mənbəyi yaradılmasından tutmuş ayrı-ayrı sahələrə kimi bir-birindən önəmli ekoloji layihələr həyata keçirilir. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.