Yevlaxda “Dilimiz – Milli Kimliyimizdir!” adlı tədbir keçirilib
29 aprel 2026 | 14:49
Yevlaxda “Dilimiz – Milli Kimliyimizdir!” adlı tədbir keçirilib
Yevlax şəhərində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin 1978-ci il Azərbaycan SSR Konstitusiyasına dövlət dili kimi daxil edilməsinə həsr olunmuş “Dilimiz – Milli Kimliyimizdir!” adlı tədbir keçirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhər Mərkəzləşdirilmiş Elektron Kitabxanada baş tutan tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Günel Cəfərova, eləcə də şəhər icra hakimiyyətinin aparat əməkdaşları, Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının üzvləri, Gənclər və idman, təhsil sektorlarının nümayəndələri, həmçinin təhsil və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbirin mahiyyətini əks etdirən videofilm nümayiş olunub.
Rəsmi çıxışlar zamanı Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşı Nərmin Fərzəliyeva, Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Leyla Abdullayeva, YAP Yevlax rayon təşkilatının məsləhətçisi Zülfiyyə Mahmudova, Gənclər və idman sektorunun baş məsləhətçisi Hüseyn Həsənov və şəhər 8 nömrəli tam orta məktəbin müəllimi Nərmin Abuşova Azərbaycan dilinin milli kimliyimizin formalaşmasındakı müstəsna rolundan, onun qorunması və inkişaf etdirilməsinin vacibliyindən danışıblar.
Çıxışlarda xüsusilə vurğulanıb ki, 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyaya daxil edilməsi milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm tarixi addım olub və bu təşəbbüs Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Ulu Öndərin Azərbaycan dilini xalqın milli kimliyinin əsas atributlarından biri kimi dəyərləndirirdi. O, çıxışlarında daim vurğulayırdı ki, dilini qoruyan xalq öz varlığını və tarixini qoruyur. Məhz bu uzaqgörən siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dili dövlət idarəçiliyində, təhsildə və ictimai həyatın bütün sahələrində geniş şəkildə istifadə olunur. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev bu siyasəti müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirir. Onun rəhbərliyi ilə Azərbaycan dilinin beynəlxalq aləmdə tanıdılması, informasiya texnologiyalarında tətbiqi və gənc nəslə düzgün şəkildə öyrədilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Dövlət qurumlarında və mediada dil normalarına əməl olunmasına xüsusi diqqət yetirilir.Nəticə etibarilə, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək daha da zənginləşdirilir. Bu siyasət Azərbaycan dilinin gələcək inkişafını təmin edir və onun milli-mənəvi dəyər kimi qorunmasına xidmət edir.
Tədbirin sonunda iştirakçılar arasında mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.






