Yevlaxda çiyid səpininə başlanılıb
24 aprel 2023 | 11:35
Yevlaxda çiyid səpininə başlanılıb
Respublikamızda kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişafına diqqət xeyli artırılıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu mühüm sahəyə göstərdiyi diqqət və qayğıdan ruhlanan pambıqçılar fədakarlıqla çalışır, hər il böyük uğurlar qazanırlar. Ölkəmizin iri pambıqçılıq rayonlarından olan Yevlax rayonunda da bu istiqamətdə önəmli addımlar atılır. Bu gün rayonumuzun pambıqçıları respublikada qabaqcıllar sırasında layiqli yer tuturlar. Təsadüfi deyildir ki, ötən 2022-ci ildə rayon üzrə 2 min 702 hektar əkin sahəsindən 8 min 572 tondan çox pambıq istehsal olunub, hər hektardan 31,72 sentner məhsul götürülüb. Yevlax pambıqçıları 2023-cü təsərrüfat ilində də bol məhsul yetişdirmək əzmindədirlər. Cari ildə bölgə ərazisində 1930 hektara yaxın əkin sahəsində pambıq əkilməsi planlaşdırılır. Bununla əlaqədar olaraq, 139 fermer 1631,40 hektar sahədə “MKT” İstehsal Kommersiya MMC ilə, 48 fermer 294.5 hektar sahədə “Goran Cotton” MMC ilə müqavilələr bağlanıb. Rayonun bütün təsərrüfatlarında pambıq mövsümünə hazırlıq başa çatdırılıb. Əkin sahələrindən yüksək məhsul əldə etmək üçün aqrotexniki tələblərə düzgün və ardıcıl əməl olunması diqqət mərkəzində saxlanılır . Sahələr optimal müddətdə şumlanılıb, təmizlənib, suvarma suyu və mineral gübrələrlə təmin olunub, malalanıb. Aprel ayının 4-də təsərrüfatlarda çiyid səpini kampaniyasına start verilib. Bu il sahələrdə rayona emal müəssisələri tərəfindən gətirilmiş yüksək keyfiyyətli pambıq sortları yetişdiriləcək. Traktorlar, səpin aqreqatları və digər texniki vasitələr səpin işlərinə səfərbər olunub.