Yevlaxda çağırışçıların hərbi xidmətə yola salınmışdır
13 yanvar 2026 | 14:05
Yevlaxda çağırışçıların hərbi xidmətə yola salınmışdır
Yevlax Şəhər İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin birgə təşkilatçılığı ilə bu münasibətlə keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax rayon prokuroru Ceyhun Almasov, DTX-nin Yevlax şəhər şöbəsinin rəisi İlqar Bağırov, Yevlax rayon Məhkəməsinin sədri Rsulan Əlizadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İdarə rəisi, polkovnik-leytenant Füzuli İsmayılov, Dövlət Xidməti aparatının şöbə rəisi Pərviz Sədrəddinov, Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Samir Rəhimov, çağırışçılar, onların valideynləri və məktəblilər iştirak etmişlər.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək bildirdi ki, vətənin maddi və mənəvi sərvətlərini qorumaq, iqtisadi qüdrətinin yüksəlməsinə nail olmaq, həmişə mübariz əhval-ruhiyyədə olmaq lazımdır. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə-obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətindən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevməklə ölçülmür. Vətənpərvərlik həm də vətən naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, xalqın hər bir uğurunda pay sahibi olmaq deməkdir.
Şəhər rəhbəri Silahlı Qüvvələrimizin keçdiyi şanlı tarixi yoldan, ordumuzun formalaşmasında və güclənməsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və onun siyasətini bütün sahələrdə uğurla davam etdirən Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatlardan, 44 günlük Vətən Müharibəsində, 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində qazanılan qələbələrdən geniş bəhs etdi, hərbi xidmətə yola salınan gənclərə yüksək dəyanətli, əzmkar olmağı, komandirlərin əmrlərinə sözsüz tabe olmağı tövsiyə etdi və şərəflə hərbi xidməti bitirmələrini arzuladı.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İdarə rəisi, polkovnik-leytenant Füzuli İsmayılov, çağırışçı Cavid Rüstəmli, valideyin Təranə Məmmədova çıxış edərək gəncləri təbrik edərək və onlara hərbi xidmətlərində uğurlar arzuladılar.
Tədbirin sonunda hərbi xidmətə çağırılan gənclər Şanlı Bayrağımızı öpərək hərbi hissələrə yola düşdülər.






