Yevlaxda Beynəlxalq Mədəniyyət Günü münasibətilə tədbir keçirilib
17 aprel 2026 | 12:37
Yevlaxda Beynəlxalq Mədəniyyət Günü münasibətilə tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Yevlax rayon komitəsinin və Yevlax Mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Yevlax şəhər Yaradıcılıq Evində Beynəlxalq Mədəniyyət Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax rayon Ağsaqqallar şurasının sədri Minnət Mürsəlov, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi-Yevlax şəhər nümayəndəsi Günel Cəfərova, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, mədəniyyət, təhsil, səhiyyə işçiləri və gənclər iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman vətən övladlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi-Yevlax şəhər nümayəndəsi Günel Cəfərova çıxışlarında mədəniyyət işçilərinə öz səmimi təbriklərini çatdıraraq vurğulayıblar ki, Ulu Öndərimiz Heydər Əliyevin xüsusi diqqət yetirdiyi sahələrdən biri də Azərbaycanın mədəniyyəti və incəsənəti olmuşdur. Ümummilli Liderimiz tərəfindən təməli qoyulmuş bu müdrik siyasət Ulu Öndərin layiqli davamçısı, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimizin diqqət və qayğısı nəticəsində bu gün Azərbaycan musiqisi, kinosu, teatrı və incəsənətimizin digər sahələri uğurlu inkişaf yolu keçməkdə, dünya mədəniyyətləri arasında özünün layiqli yerini tutmaqdadır.
Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən mədəniyyət sahəsində həyata keçirilən uğurlu layihələr Azərbaycan mədəniyyətinin inkişafına, onun milli çərçivədən çıxaraq dünya miqyasında yayılmasına, dünya mədəniyyəti nümunələrinə çevrilməsinə və bəşəri mahiyyət kəsb etməsinə xidmət edir.
Tədbirin gedişində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı Yaradıcılıq evinin nəzdində fəaliyyət göstərən Bəşir Səfəroğlu adına Xalq Teatrının aktyorları tərəfindən “Hicran” tamaşasının bir hissəsi nümayiş etdirilib, həmçinin Yevlax mədəniyyət müəssisələrinin musiqiçiləri tərəfindən musiqi mədəniyyətimizin inciləri olan tar və saz ifaları tamaşaçılara təqdim olunub. Tədbirdə ruhumuzu oxşayan muğam parçaları səsləndirilib, peşəkar musiqiçilərin ifasında müxtəlif instrumental musiqilər tədbirə xüsusi rəng qatıb. Musiqili proqramla yanaşı, aktyorların təqdim etdiyi digər maraqlı tamaşalar və bədii kompozisiyalar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.






