Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Beynəlxalq Gənclər Gününə həsr olunmuş əyləncəli tədbir keçirilib

13 avqust 2026 | 12:41
 
Yevlax Şəhər İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Yevlax rayon üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Yevlax Olimpiya Kompleksində 12 Avqust – Beynəlxalq Gənclər Gününə həsr olunmuş idarə və müəssisələr arasında əyləncəli intellektual yarış keçirilmişdir.
Gənclərin asudə vaxtının səmərəli təşkili, onların intellektual potensialının üzə çıxarılması, dünyagörüşünün və komanda şəklində işləmək bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunan tədbirdə rayonun müxtəlif idarə və müəssisələrində çalışan gənclər fəal iştirak etmişlər.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Yevlax rayon üzrə Gənclər və İdman sektorunun əməkdaşları, həmçinin rayonun müxtəlif idarə və müəssisələrindən olan gənclər iştirak etmişlər.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və müqəddəs xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Çıxışlar zamanı Beynəlxalq Gənclər Gününün əhəmiyyətindən bəhs edilmiş, ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirildiyi, gənclərin ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyatın bütün sahələrində fəal iştirakının təmin edilməsi istiqamətində mühüm tədbirlərin görüldüyü diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, Azərbaycan gəncləri ölkənin ictimai həyatında fəal iştirak etməklə yanaşı, dövlətçilik ənənələrinin qorunmasına və inkişafına, ölkəmizin tərəqqisinə öz töhfələrini verirlər.
Daha sonra tədbirin əsas hissəsi – əyləncəli intellektual yarış keçirilmişdir. Yarış zamanı iştirakçılara müxtəlif mövzuları əhatə edən məntiqi, dünyagörüşü, tarix, mədəniyyət, idman və digər sahələrə dair suallar təqdim olunmuşdur. Komandalar verilən sualları qısa müddət ərzində cavablandıraraq həm bilik və bacarıqlarını nümayiş etdirmiş, həm də yüksək komanda ruhu və mübarizə əzmi göstərmişlər.
Yarış iştirakçılar arasında sağlam rəqabət və xoş əhval-ruhiyyə yaratmış, tədbir maraqlı və yaddaqalan anlarla yadda qalmışdır. Gənclər arasında qarşılıqlı ünsiyyətin və dostluq münasibətlərinin möhkəmləndirilməsi baxımından da tədbir əhəmiyyətli olmuşdur.
Sonda yarışda fərqlənən komandalar müəyyən edilmiş, qaliblər və fəal iştirakçılar təşkilatçılar tərəfindən təltif olunmuşlar. İştirakçılara göstərdikləri fəallığa və yüksək intellektual hazırlığa görə təşəkkür edilmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Keçidlər