Yevlaxda “Azərbaycan qadınının tariximizdə rolu” adlı tədbir keçirilib
20 fevral 2026 | 11:51
Yevlaxda “Azərbaycan qadınının tariximizdə rolu” adlı tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən “Yevlaxda “Azərbaycan qadınının tariximizdə rolu” adlı tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov, Yevlax rayon Ağsaqqallar şurasının üzvləri, Vətən müharibəsi qaziləri, veteranlar, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbərləri və əməkdaşları iştirak etmişlər.
Əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla anılıb.
Daha sonra videofilm nümayiş etdirilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirmişdir ki, tarixin bütün dövrlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir. Əfsanəvi cəngavər qadınlarımız həmişə ərənlərimizlə birgə hünər göstəriblər. İradəli, əqidəli analarımız Vətənin dar günündə ömür-gün yoldaşlarına arxa durub, sipər olublar. Onlar çətin anlarda kişi paltarı geyinib, qeyrət libasına bürünüblər. Həyat yoldaşlarına yürüş məqamında at minib, silaha sarılıblar. Tarixi faktlar sübut edir ki, dünyanın bütün ölkələrində qadınlar dini mənsubiyyətindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, həmişə ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıblar.
Hələ ibtidai icma quruluşu dövründə zərif cinsin nümayəndələri cəmiyyətin aparıcı qüvvəsi, qəbilə başçısı, ailənin ən nüfuzlu və hörmətli üzvü olub. Bu müqəddəs varlıq xeyirxahlıq və ədalət rəmzi kimi qəbul edilib. Azərbaycanda qadına yüksək səviyyədə diqqət və qayğı göstərilir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, zərif cinsin nümayəndələri bu gün kişilərlə bərabər idarəçilikdə, ictimai təşkilatlarda, dövlət qurumlarında təmsil olunur, rəhbər vəzifələr tuturlar. Cəmiyyətin aparıcı hissəsinə çevrilən qadınlar ölkəmizdə gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirak edirlər. Qadınlarımız Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, ərazi bütövlüyünün qorunmasında, hüquqi demokratik dövlət quruculuğunda, iqtisadi yüksəlişin təmin edilməsində misilsiz xidmətlər göstərirlər. Bütün bunlar Azərbaycan qadınının cəmiyyət həyatında rolunun daha da artdığını göstərir.
Azərbaycan qadınına ən yüksək qiyməti Ulu Öndər verib.Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Məhz Ümummilli Liderin qadın siyasətinin nəticəsi idi ki, 1998-ci ildə Azərbaycanda qadınların hüquqlarını müdafiə etmək və bu sistemi mərkəzləşdirmək məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi (hazırda həmin komitə 2006-cı ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlanır) yaradılıb. 2000-ci ildə qadın siyasəti ilə bağlı imzalanan müvafiq Fərman ölkəmizdə qadınların imkanlarını daha da artırdı. Bu da dövlət idarəçiliyində, təhsil, səhiyyə və mədəniyyət sahələrində qadınların sayının artmasına gətirib çıxardı. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə cəmiyyətdə böyük missiyası olan qadınların hüquqları yüksək səviyyədə qorunur, onlar seçib-seçilmək hüququna malikdirlər. Cənab Prezidentin rəhbərliyi ilə uğurlu dövlət gender siyasəti həyata keçirilir, qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi dövlət siyasətində əsas istiqamətə çevrilib. Respublikamızın ictimai-siyasi həyatında qadınların rolu ildə-ilə daha da artır. Hazırda elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasın. Ən çətin və mürəkkəb sahələrdə qadınlar uğur qazanırlar. Bu isə Azərbaycan hökumətinin və Prezident İlham Əliyevin apardığı güclü qadın siyasətinin məntiqi nəticəsidir.
Bu gün Azərbaycan qadını yeni bir cəmiyyətin fəal qurucusudur. İdarəedici və qanunverici orqanların rəhbərliyində, parlamentin deputatları arasında, xarici siyasətdə zərif cinsin nümayəndələrinin təmsil olunması ölkəmizdə qadınların idarəedici qüvvə olduqlarını sübut edir. Azərbaycan qadını haqqında fikir və mülahizələr Mehriban xanım Əliyevanın şəxsiyyəti və fəaliyyəti əsasında formalaşır. Xalqımızın mədəniyyətinin, musiqisinin, incəsənətinin, ədəbiyyatının, tarixinin dünyada tanınmasında, dövlətimizin beynəlxalq aləmdə təmsil olunmasında, ölkə daxilində mədəniyyətin, təhsilin, elmin inkişafında Mehriban xanım Əliyevanın rolu danılmazdır. Mehriban xanım ölkəmizi dünya miqyasında şərəf və ləyaqətlə təmsil edir.
2017-ci il fevralın 21-də Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi Mehriban xanım Əliyevanın dövlətçiliyin inkişafı, möhkəmləndirilməsi naminə zəngin və fədakar fəaliyyətinin, habelə yüksək təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Mehriban xanımın o vaxt dediyi sözlər yada düşür: “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”. Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya və öhdəliklər götürən Birinci vitse-prezident Mehriban xanım Əliyeva ötən müddət ərzində bu yüksək və məsul vəzifədə gördüyü işlərlə dövlətimizin başçısının və xalqımızın etimadını layiqincə doğruldur. Gündəlik fəaliyyətində insansevərlik, mərhəmət, qarşılıqlı hörmət və mehribanlıq meyarlarını əsas götürür, fəaliyyətini məhz bu prinsiplər üzərində qurur və milli-mənəvi dəyərləri daim uca tutur. Onun ömür yolu sözün əsl mənasında Vətənə və xalqa xidmət nümunəsidir. Torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı Ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, müharibədən sonra isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, Şuşada möhtəşəm “Xarıbülbül” Musiqi Festivalının təşkili birinci xanımın xidmətləri sırasında xüsusi yer tutur.
Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycan milli mənəvi dəyərlərinin dünyaya inteqrasiya olunması da böyük əhəmiyyət kəsb edir. Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərən Fond dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli mənəvi dəyərlərin qorunmasına dəstək rolunu oynayır. Paytaxtımızda müasir tipli gözoxşayan Beynəlxalq Muğam Mərkəzinin istifadəyə verilməsi, mədəniyyət və təhsil müəssisələrinin təmiri, inşası və bərpa etdirilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlər müstəsna əhəmiyyət daşıyır.
Daha sonra YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Yevlax şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Könül Hüseynova, Yevlax rayonu üzrə Gənclər və idman sektorunun aparıcı məsləhətçisi Pərviz Hüseynov, Yevlax rayon Ağsaqqalar şurasının üzvləri Hümbət Əhmədov və Vahid Quliyev öz çıxışlarında bildirmişlər ki, Tarixin bütün dövrlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə hər zaman böyük hörmətlə yanaşırdı. Müasir dövrümüzdə Birinci vitse-prezidentimiz və “yumşaq güc”ün rəmzi olan hörmətli Mehriban xanım Əliyevanın fəaliyyəti bu mənada örnək təşkil edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır.






