Yevlaxda “Azərbaycan qadını-Zərif ruh, güclü iradə” adlı tədbir keçirilib
26 avqust 2026 | 16:15
Yevlaxda “Azərbaycan qadını-Zərif ruh, güclü iradə” adlı tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhər İcra Hakimiyyətinin inzibati binasında “Azərbaycan qadını-Zərif ruh, güclü iradə” adlı tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, şəhid ailələrinin üzvləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçılarına Azərbaycan qadınının tarixən keçdiyi şərəfli yolu, cəmiyyətdəki rolu və Vətən qarşısındakı xidmətlərindən bəhs edən videofilm nümayiş etdirilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirib ki, Azərbaycan qadını tarix boyu xalqımızın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb, dövlətçilik ənənələrinin formalaşmasına və inkişafına öz töhfəsini verib. Zərif ruhu, zəngin mənəvi dünyası və eyni zamanda güclü iradəsi ilə seçilən Azərbaycan qadını Vətənin ən çətin və məsuliyyətli məqamlarında daim xalqının yanında olub. O, qeyd edib ki, bu gün Azərbaycan qadınının cəmiyyətdəki yüksək mövqeyi ölkəmizdə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin mühüm nəticələrindəndir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir. Ölkəmizin sosial-iqtisadi inkişafı, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqlarımızın qorunması və beynəlxalq nüfuzumuzun daha da artırılması istiqamətində həyata keçirilən siyasətdə Azərbaycan qadınlarının da fəal iştirakı xüsusi əhəmiyyət daşıyır.
Elnarə Əzizova çıxışı zamanı vurğulayıb ki, Azərbaycan qadınının görkəmli nümayəndələrindən olan Ümummilli Liderimizin vəfalı ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən geniş bəhs edib. Bildirib ki, Zərifə xanım Əliyevanın keçdiyi həyat yolu yalnız görkəmli alim kimi deyil, həm də fədakar ana, sədaqətli həyat yoldaşı və böyük ziyalı kimi Azərbaycan qadını üçün örnəkdir. Onun Ümummilli Lider Heydər Əliyevlə birlikdə keçdiyi həyat yolu, ailə dəyərlərinə bağlılığı, övladlarının tərbiyəsinə göstərdiyi diqqət və cəmiyyət qarşısındakı xidmətləri bu gün də böyük ehtiramla xatırlanır.
Başçının müavini vurğulayıb ki, Azərbaycan qadınının mərhəmətini, güclü iradəsini və vətənpərvərliyini özündə birləşdirən ən parlaq siması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevadır. Mehriban xanım Əliyeva öz çoxşaxəli ictimai-siyasi fəaliyyəti ilə ölkəmizin inkişafına misilsiz töhfələr verir. O, humanitar, mədəni və sosial sahələrdə genişmiqyaslı layihələrə rəhbərlik edərək vətəndaşların rifahının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə çiyin-çiyinə çalışaraq Azərbaycanın beynəlxalq nümunəvi imicinin möhkəmləndirilməsi istiqamətində uğurlu addımlar atır. Xüsusilə, 44 günlük Vətən müharibəsi dövründə Mehriban xanım xalqımızın mənəvi birliyini dəstəkləyən çağırışları və dövlətə dəstəyi ilə mühüm rol oynamışdır. Müharibədən sonrakı dövrdə isə azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərində, həmçinin şəhid ailələri və qazilərin sosial problemlərinin həllində yaxından iştirak edir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu tarixi-mədəni irsimizin qorunması və dünyada tanıdılması üçün əvəzsiz işlər görür.
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu ölkəmizin ictimai, sosial, humanitar və mədəni həyatında mühüm layihələr həyata keçirir. Təhsil, səhiyyə, mədəni irsin qorunması, uşaqlara və həssas sosial qruplara qayğı, Azərbaycan həqiqətlərinin və milli-mədəni dəyərlərimizin beynəlxalq aləmdə təbliği istiqamətində görülən işlər xüsusi əhəmiyyət daşıyır.
Daha sonra Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi-Yevlax şəhər nümayəndəsi Günel Cəfərova, Yevlax Şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Aytən Kərimli ,Yevlax şəhər Abbas Səhhət adına 6 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Ülkər Əliyeva çıxış edərək Azərbaycan qadınının cəmiyyətin inkişafında, ailə dəyərlərinin qorunmasında, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsində və dövlətimizin tərəqqisində mühüm rolu qeyd ediblər. Bildiriliblər ki, Azərbaycan qadını həm ailədə, həm də ictimai həyatda öz fəallığı, zəhmətsevərliyi, yüksək mənəvi keyfiyyətləri və Vətənə bağlılığı ilə seçilir. Qeyd ediblər ki, Azərbaycan qadınının keçmişdən bu günə qədər nümayiş etdirdiyi qəhrəmanlıq, fədakarlıq və əzmkarlığın gənc nəsil üçün örnək olduğunu vurğulayıblar.
Sonda Azərbaycan qadınının cəmiyyətdəki rolunun, hüquq və imkanlarının daha da genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Tədbirin bədii hissəsində Yevlax şəhər Mədəniyyət Mərkəzinin solisti, 8-ci Muğam Televiziya Müsabiqəsinin laureatı Sabir Hüseynovun ifasında musiqi nümunələri təqdim səsləndirilib. Bir-birindən maraqlı ifadlar tədbir iştirakçıları tərəfindən maraq və alqışlarla qarşılanıb.






