Yevlaxda Aqrar Biznes Festivalı və kredit yarmarkası keçirilib
02 mart 2024 | 18:30
Yevlaxda Aqrar Biznes Festivalı və kredit yarmarkası keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkil etdiyi Aqrar Biznes Festivalları davam edir. Növbəti festival Yevlax rayonunda baş tutub.
İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun, İstehlak Mallarının Ekspertizası Mərkəzinin tərəfdaşlığı ilə keçirilən Aqrar Biznes Festivalında Yevlax, Bərdə, Tərtər, Goranboy, Şəki, Ağdaş rayonlarından fermerlər iştirak edib.
Festivalda kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən məhsullar nümayiş olunub. Festival zamanı fermerlər müxtəlif şirkətlərin təklif etdiyi sertifikatlı toxum, gübrə, pestisid nümunələri, suvarma texnologiyaları və kənd təsərrüfatı texnikaları ilə əyani tanış olub, istifadə qaydaları və texniki göstəriciləri barədə məlumat alıblar.
Festivalda yüksək iqtisadi gəlir potensialına malik bitkilər də sərgilənib. Fermerlərə səmərəli yetişdirmə üsulları və texnologiyalardan istifadə etməklə bu bitkilərin əkini, yüksək gəlir dəyəri barədə məlumatlar verilib.
Bundan başqa festivalda kənd təsərrüfatı məhsullarının tədarükü və təchizatı ilə məşğul olan şirkətlər tərəfindən müxtəlif məhsullar satışa çıxarılıb.
Festivalın açılış mərasimində çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Xaliq Əliyev regionlarda keçirilən bu cür tədbirlərin fermerlərin maariflənməsinə, kənd təsərrüfatı məhsullarının istehsal vasitələrinə çıxış imkanlarının artırılmasına, sahələrdə yeni texnologiyaların tətbiqinə müsbət təsir göstərdiyini bildirib.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, Aqrar Biznes Festivalları kənd təsərrüfatında tətbiq olunan müasir texnologiya, yeniliklər və innovasiyaların fermerlərə çatdırılması üçün nəzərdə tutulmuş platformadır. Bu kimi tədbirlər kənd təsərrüfatı fəaliyyətinin maraqlı tərəfləri olan təchizatçı şirkətlərlə fermerləri bir araya gətirməyə, ikitərəfli əlaqələrin qurulmasına imkan verir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev, Sahibkarlığın İnkişafı Fondunun sədrinin müşaviri Namiq Zeynalov, İstehlak Mallarının Ekspertiza Mərkəzinin direktor müşaviri Elşad Həsənov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentinin baş məsləhətçisi Fərid Vəlizadə çıxış edərək bölgələrdə təşkil olunan Aqrar Biznes Festivalları çərçivəsində kredit yarmarkalarının təşkilini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, belə yarmarkalar fermerlərin dövlət güzəştli kənd təsərrüfatı təyinatlı kreditlər barədə məlumatlılığını təmin edə, eyni zamanda aqrar fəaliyyəti genişləndirmək üçün maliyyə mənbələrinə çıxışını yaxşılaşdıra bilər.
Daha sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Aran Regional İnkişaf Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin tərəfdaşlığı ilə kredit yarmarkası keçirilib.
Yarmarkada fermerlərə aqrar təyinatlı kreditlərin verilmə şərtləri, müxtəlif kredit məhsulları, aqrar kreditlərin kənd təsərrüfatında yaratdığı əlavə dəyər və digər məsələlərlə bağlı məlumat verilib. Qeyd olunub ki, bölgələrdə keçirilən kredit yarmarkasının əsas məqsədi regionlarda sahibkarlığın inkişafına dəstək, eləcə də fermerlərin maliyyə savadlılığını artırmaq, güzəştli kreditlərin verilməsi ilə bağlı məlumatlandırmaqdan ibarətdir.
Kredit yarmarkasında 20-ə yaxın bank və bank olmayan kredit təşkilatı iştirak edib, 10-a yaxın bank və bank olmayan kredit təşkilatının mütəxəssisləri potensial müştərilərinə kredit əməkdaşlığı barədə məsləhət və tövsiyələr verib. Eyni zamanda fermerlər mövcud təsərrüfatlarına və planlarına uyğun olaraq götürə biləcəkləri kreditlərin maksimal həcmi barədə məlumatlandırılıblar.
Kredit yarmarkası çərçivəsində “Kənd təsərrüfatı kreditlərinin təşviqi” mövzusunda panel müzakirə də keçirilib. Müzakirələrdə müxtəlif qurumların mütəxəssisləri dövlət və özəl sektorun əməkdaşlığı çərçivəsində fermer və sahibkarlara göstərilən dəstək barədə məlumat veriblər. Panel müzakirələrdə fermerlərin sualları cavablandırılıb, onlara aqrar təyinatlı kredit almağa müraciət etmək üçün texniki dəstək göstərilib.