Yevlaxda “8 Noyabr-Zəfər Günü”nə həsr edilmiş növbəti tədbir keçirildi
05 noyabr 2022 | 13:30
Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının və Yevlax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax şəhər İcra Hakimiyyəti Hüquq şöbəsinin müdiri Vidadi Murtuzayev, Yevlax Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Fazil İsmayilov, tibb işçiləri, şəhid ailəsinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib.Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə canını fəda etmiş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova qeyd etdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində Ermənistanı döyüş meydanında məhv etdi. Rəsmi İrəvan uzun illər öz ordusunun yenilməzliyi haqqında mif yaratmışdı. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, eyni zamanda Erməni mifini də məhv edib. Cəmi 44 gün ərzində Ermənistan ordusu, onun hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini göstərdi. Nəticədə noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı.Ona görə də şanlı Zəfər yolunda qəhrəmanlıq göstərən igidlərimizin şərəfli döyüş və həyat yolu unudulmayacaq və bu xalqımız, xüsusilə gənclərimiz üçün əsl örnəkdir, igidlik nümunəsidir.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxış edərək, bildirdi ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev böyük əzmlə, sonsuz inamla Ermənistanın təxribatı nəticəsində başlanan müharibədə zəfərin bizim olacağını söylədi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” O anlardan başlayaraq Azərbaycan xalqı döyüş meydanlarından gələn qələbə xəbərlərini gözlədi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hər çıxışı, xalqa hər bir müraciəti zəfərimizin müjdəsi oldu.Bugün qürur hissi ilə söyləyə bilirik ki, başda möhtərəm Prezident olmaqla 30 illik Vətən həsrətinə son qoyan haqq savaşımızın cəsur iştirakçıları Azərbaycan xalqının əbədi sevgisini qazanaraq, adlarını şanlı tariximizin səhifələrinə qızıl hərflərlə həkk etdirdilər.
Sonra çıxış edən Yevlax Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Fazil İsmayilov, Yevlax şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Vidadi Murtuzayev, Vətən müharibəsi qazisi Xəyyam Fətəliyev qeyd etdilər ki, 44 gün davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun gücünü göstərərək ölkəmizin qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri Rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti tərəfindən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalandı və sonunda Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Ermənistan isə kapitulyasiyaya məcbur edildi.44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu.