Yevlaxda 8 Noyabr – Zəfər Günü münasibətilə “Şanlı tariximizin Zəfər zirvəsi” adlı tədbir keçirilib
02 noyabr 2026 | 12:14
Yevlaxda 8 Noyabr – Zəfər Günü münasibətilə “Şanlı tariximizin Zəfər zirvəsi” adlı tədbir keçirilib
8 Noyabr – Zəfər Günü münasibətilə Yevlax şəhər Mədəniyyət Müəssisələrinin birgə təşkilatçılığı ilə Yevlax şəhər Yaradıcılıq Evində “Şanlı tariximizin Zəfər zirvəsi” adlı tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Mədəniyyət Müəssisələri ilə iş sektorunun müdiri Natəvan Ağayeva, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax rayon nümayəndəsi Günel Cəfərova, Qarabağ Suvarma Kanalı İstismarı İdarəsinin rəisi Ariz Mikayılov, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin bədii hissəsində Zəfər Gününün mahiyyətini, xalqımızın qəhrəmanlıq tarixini və Vətən sevgisini əks etdirən musiqi nömrələri təqdim olunub. İfaçılar tərəfindən vətənpərvərlik ruhunda mahnılar səsləndirilib, şanlı Zəfərimizə, qəhrəman Azərbaycan əsgərinə və doğma Qarabağımıza həsr olunmuş musiqi əsərləri ifa edilib. Proqram çərçivəsində təqdim olunan rəqs nömrələri tədbirə xüsusi rəng qatıb. Həmçinin balaca ifaçıların ifasında Vətənə, qəhrəmanlıq və Zəfər tarixinə həsr olunmuş mahnılar səsləndirilib. Onların çıxışları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Tədbir bir daha nümayiş etdirib ki, 8 Noyabr – Zəfər Günü xalqımızın milli qürur, birlik və həmrəyliyinin rəmzi, tariximizin ən şanlı səhifələrindən biridir. Bu möhtəşəm Qələbə Azərbaycan xalqının iradəsinin, Müzəffər Ordumuzun gücünün və şəhidlərimizin qəhrəmanlığının təntənəsidir. Zəfər tariximiz gələcək nəsillər üçün daim qürur mənbəyi olacaq, Vətən sevgisi və qəhrəmanlıq ruhu xalqımızın yaddaşında əbədi yaşayacaqdır.






