Yevlaxda 8 Noyabr Zəfər Günü münasibətilə mini futbol yarışı keçirilib
04 noyabr 2022 | 15:35
Yevlaxda 8 Noyabr Zəfər Günü ərəfəsində silsilə tədbirlər çərçivəsində Yevlax şəhər İcra Hakimiyyəti, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax Təhsil sektoru, Yevlax Şəhər Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin birgə təşkilatçılığı ilə idmanın mini-futbol növü üzrə rayon birinciliyi keçirilib. Yarışın keçirilməsində məqsəd əlamətdar günü qeyd etmək, futbol idman növünün kütləviliyini artırmaq, sağlam həyat tərzinin və idmanın təbliği, istedadlı yeniyetmə və gənclərin üzə çıxarılması, idmançıların texniki və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsidir. Yarışın açılışına həsr edilmiş tədbirdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış mərasimində Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının İctimai–siyasi və humanitar məslələr şöbəsinin müdir müavini Hümbət Əhmədov, Gənclər və İdman İdarəsinin rəisi Rəşad Bəhmənli, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax Təhsil sektorunun məsləhətçisi Abay Kərimov, GİKM-in direktoru Elvin Əjdərli, Uşaq Gənclər İdman-Şahmat Məktəbinin direktoru Elman Əlibəyli, adı çəkilən qurumların digər əməkdaşları, UGİŞM-i və UGİM-i təmsil edən 8 komanda iştirak edib.
Rayon birinciliyinin açılış günü qarşılaşan komandalar arasından ilk üç yerin qalibi aşağıdakı kimidir:
- “Qələbə” (UGİŞM) – I yer
- “UGİM-Karvan” (UGİM) – II yer
- “Qarabağ” (UGİŞM) – III yer
Sonda qalib komandalar təşkilatçı qurumlar tərəfindən təsis edilən diplomlarla mükafatlandırılıb.