Yevlaxda 8 Noyabr-Zəfər Günü münasibətilə hərbi hissədə bayram tədbiri keçirilib
06 noyabr 2026 | 16:27
Yevlaxda 8 Noyabr-Zəfər Günü münasibətilə hərbi hissədə bayram tədbiri keçirilib
8 Noyabr-Zəfər Günü münasibətilə Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin Yevlax rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsində tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev , Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları iştirak ediblər.
Əvvəlcə Hərbi hissənin həyətində Şəhidlərin xatirəsinə inşa edilmiş abidənin önünə gül dəstələri düzülüb, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verərək Şəhidlik Zirvəsinə ucalmış vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 8 Noyabr-Zəfər Gününün xalqımızın çoxəsrlik dövlətçilik tarixində və milli yaddaşında xüsusi yer tutduğunu vurğulayaraq bildirib ki, müstəqil Azərbaycanın güclü ordusunun formalaşdırılması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin əsasını qoyduğu ordu quruculuğu siyasəti nəticəsində ölkəmizdə müasir hərbi potensialın formalaşdırılması istiqamətində mühüm addımlar atılıb, Azərbaycan Ordusunun peşəkarlığının və döyüş qabiliyyətinin artırılması üçün möhkəm təməl yaradılıb. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi bu strateji siyasət Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusu regionun ən güclü və müasir ordularından birinə çevrilib, onun maddi-texniki bazası möhkəmləndirilib, hərbi qulluqçuların döyüş hazırlığı və peşəkarlığı daha da yüksəldilib. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Ordumuz Ali Baş Komandanın Müzəffər Sərkərdəliyi ilə misilsiz qəhrəmanlıq və şücaət nümayiş etdirərək torpaqlarımızı işğaldan azad edib, xalqımıza tarixi Zəfər sevinci yaşadıb. Şəhər rəhbəri 8 Noyabr-Zəfər Gününün yalnız hərbi qələbənin deyil, həm də milli həmrəyliyin, dövlət-xalq-ordu birliyinin təntənəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Eyni zamanda Şanlı Zəfərin gələcək nəsillər üçün əbədi qürur mənbəyi olaraq qalacağını bildirərək, hərbi qulluqçularımıza şərəfli xidmətlərində uğurlar arzulayıb.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, hərbi hissənin komandiri polkovnik Teyyub Bayramov və 44 günlük Vətən Müharibəsinin Şəhidi Faiq Adgözəlovun atası Mehti Adıgözəlov çıxışlarında Zəfər Gününün tarixi əhəmiyyətindən, Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin daim uca tutulmasının vacibliyindən, qazilərimizin və hərbi qulluqçularımızın göstərdikləri fədakarlıqdan bəhs edib, hərbi qulluqçulara məsuliyyətli və şərəfli xidmətlərində uğurlar arzulayıblar.
Tədbirin bədii hissəsində Yevlax şəhər S.Vurğun adına 5 saylı tam orta ümumtəhsil məktəbinin şagirdləri şeirlər səsləndirib, Yevlax Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları rəngarəng konsert proqramı ilə çıxış ediblər. Səsləndirilən milli musiqilər, nümayiş etdirilən rəqslər hərbçilər tərəfindən böyük rəğbətlə qarşılanıb, tədbirə xüsusi bayram əhval-ruhiyyəsi bəxş edib.
Sonda xidmətdə fərqlənən hərbi qulluqçular Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələrlə təltif olunublar.






