Yevlaxda 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunlarla görüş keçirilmişdir
31 avqust 2024 | 12:36
Yevlaxda 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunlarla görüş keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçən görüşdə Şəhər İcra Hakimiyyəti Başçısının müavini - İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayon üzrə təhsil sektorunun müdiri Namidə Abbasova, məktəb direktorları və məzunlar iştirak etmişlər.
Başçının müavini əvvəlcə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, həmçinin tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik edərək bu qəbul ilinin Azərbaycanın təhsil sistemində mühüm bir yeniliyin olması ilə yadda qaldığını, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin təsis edilməsi Azərbaycan təhsil sisteminə yeni bir canlanma gətirdiyini bildirmişdir.
30 ildən artıq bir zamanda Qarabağ həsrəti çəkən soydaşlarımız artıq öz övladlarının qürur hissi ilə Qarabağ Universitetində təhsil alması üçün səbirsizliklə tədris ilinin başlamasını gözləyirlər. Bununla yanaşı, ölkənin hər bir bölgəsindən olan abituriyentlər də bu universitetin ilk tələbəsi olmaq sevincini yaşamaq arzusundadırlar, çox sevindirici haldır ki, bu il Qarabağ Universitetinə Yevlax rayonunun ümumtəhsil müəssisələrinin məzunlar da daxil olmuşlar.
Məlumat üçün bildirmək istəyirik ki, bu il Yevlax rayonunun ümumtəhsil məktəblərini bitirən 1010 məzundan 521 nəfər ali məktəblərə sənəd vermiş, onlardan 348 nəfər müxtəlif ali təhsil müəssisələrinə daxil olmuş, 42 nəfər məzun 500-dən, 14 nəfər isə 600-dən yüksək bal toplamışlar.
Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova və məzunlar təhsilə göstərilən diqqət, qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.