Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 5 oktyabr –Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş konfrans keçirilmişdir

04 oktyabr 2024 | 19:10
Yevlaxda 5 oktyabr –Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş konfrans keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş konfrans keçirilmişdir. Konfransda Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov , İdarənin tabeliyində olan Yevlax, Mingəçevir, Ağdaş, Ucar,Göyçay, Zərdab,Kürdəmir rayonları üzrə təhsil sektorlarının qabaqcıl təhsil işçiləri iştirak etmişlər. Konfrans iştirakçıları Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsinin önünə gül dəstələri düzərək ,Dahi Şəxsiyyətin müqəddəs xatirəsinə öz ehtiramlarını bildirmişlər.
Konfrans B.Səfəroğlu adına Xalq Teatrında davam etdirilmişdir. Konfransın əvvəlində Ulu Öndər Heydər Əliyevin və canlarını ərazi bütövlüyümüz,torpaqlarımızın azadlığı uğrunda qurban vermiş Şəhidlərimizin müqəddəs ruhları1 dəqiqəlik sükutla yad edilmişdir.
Konfransda çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova müəllimləri təbrik edərək,Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə diqqət və qayğısından danışaraq qeyd edib ki, Ulu Öndərin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanmışdır. Təhsilin millətin taleyi üçün misilsiz əhəmiyyət daşıdığını hər zaman vurğulayan Ulu Öndər öz fəaliyyəti illərində bu sahəyə çox böyük diqqət və qayğı göstərmişdir.
Başçının müavini bildirmişdir ki, Müəllim əməyi nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olub. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müəllimlərin əməyi danılmazdır, müəllimlər bundan sonra da yeni dövrün çağırışlarına uyğun gənclər yetişdirəcəklər.
Dövlətimizin təhsilə daim böyük önəm verdiyini vurğulayan E.Əzizova çıxışının davamında bildirdi ki, Ulu Öndərin siyasətini bütün sahələrdə uğurla davam etdirən Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tam bərpa edib. Ölkəmizin bütün ərazilərində ilk dəfə olaraq Prezident və Parlament seçkiləri keçirildi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Ordumuz 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində 30 ildir düşmən tapdağı altında qalan torpaqlarımızı geri qaytardı. Məğlub ölkədən qalib, xoşbəxt Ölkəyə çevrildik.Bu gün Möhtərəm Prezidentimizin və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın Ölkəmizdə təhsilə göstərdiyi böyük diqqətin nəticəsi kimi Respublikamızda qəzalı və istifadəyə yararsız məktəblərin əvəzinə yeni, müasir avadanlıqlarla təchiz olunmuş məktəb binaları tikilir və təmir edilir. O, həmçinin bildirdi ki, 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə yeni, müasir tələblərə cavab verən məktəblər tikilərək şagirdlərin, müəllimlərin istifadəsinə verilmiş, həmin məktəblərdə 30 ildən sonra ilk dərslər keçirilməyə başlamışdır. Biz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Respublikamızın günü-gündən inkişafının şahidi oluruq.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov çıxışında müəllimləri təbrik edərək bu çətin və şərəfli peşələrində onlara uğurlar arzu edib. Regional İdarənin müdiri müəllim peşəsinin çox müqəddəs olduğunu, hər bir ölkənin ayrı-ayrı sahələrdə əldə etdiyi nailiyyətlərin təhsilin inkişaf səviyyəsi ilə ölçüldüyünü bildirmiş, Azərbaycan təhsilinin inkişafı üçün reallaşdırılan tədbirlərin, proqram və layihələrin əhəmiyyəti vurğuladı, ölkəmizdə təhsil sahəsinin inkişafından, həyata keçirilən islahatlardan danışmışdır.
Regional Təhsil İdarəsinin tərkibinə daxil olan rayon sektorlarının müəllimləri öz çıxışlarında onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Tədbir İdarənin tabeliyində fəaliyyət göstərən Uşaq Gənclər inkişaf mərkəzlərinin şagirdlərinin ifaları ilə davam etdirilmişdir.
Tədbirin sonunda bir qrup müəllimə nümunəvi xidmətlərinə və tədrisdə qazandıqları uğurlara görə Şəhər İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Fəxri Fərmanları təqdim olunmuşdur.
Keçidlər