Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 5 oktyabr “Beynəlxalq Müəllimlər Günü” qeyd edildi

05 oktyabr 2022 | 14:43
Yevlaxda 5 oktyabr “Beynəlxalq Müəllimlər Günü” qeyd edildi
Yevlax Şəhər İcra Hakimiyyəti və YAP Yevlax rayon təşkilatı tərəfindən 5 oktyabr “Beynəlxalq Müəllimlər Günü”nə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxış edərək müəllimləri təbrik etmiş, cəmiyyətin tərəqqisində, Azərbaycanın gələcəyində məhz bu peşə sahiblərinin şərəfli əməyinin olduğunu qeyd etmişdir. O, Ulu Öndər Heydər Əliyevin bu şərəfli peşə sahiblərinə göstərdiyi diqqət və qayğıdan danışaraq qeyd etdi ki, bu siyasi kursu uğurla davam etdirən Ölkə Prezidenti Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev yeni nəslin inkişafı, təhsilimizin dünyaya inteqrasiyası naminə ardıcıl işlər görür. Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Onun rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Ölkəmizin hər yerində müasir texnika və texnologiyalarla təchiz olunmuş məktəb binaları tikilir və əsaslı təmir edilərək müəllimlərin, şagirdlərin istifadəsinə verilir. Ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışan E.Əzizova Yevlaxda təhsil sistemində qazanılan uğurları məhz bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi olduğunu qeyd etdi.
Çıxışının davamında ŞİHB-nın müavini Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində bu şərəfli peşə sahiblərinin xüsusi rolu olduğunu vurğuladı. Dedi ki, müharibə vaxtı Azərbaycan müəllimi təkcə öyrədən yox həm də örnək funksiyası daşıdı. Müharibədə yüzlərlə müəllim iştirak etdi, onlarla müəllim Şəhidlik zirvəsinə yüksəldi, onlarla müəllim sağlamlığını itirərək qazi oldu. Müəllimlərimiz təkcə dərs otaqlarında yox müharibə meydanında da dərs keçdilər. Müharibədə əldə olunan Şanlı Qələbənin səbəbkarları da müəllimlərin yetirmələridir. Məhz bunlara görə də Sizə minnətdarıq Əziz Müəllimlər.
Həmçinin qeyd olundu ki, bir gün əvvəl Ölkə Prezidenti Cənab İlham Əliyevin bir qrup təhsil işçisinin medallarla təltif etdiyi Sərəncamda Yevlax təhsilinin nümayəndələrinin olması hamını sevindirdi.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxışında bildirdi ki, müəllim peşəsi tarixən cəmiyyətdə ən dəyərli, müqəddəs və şərəfli peşələrdən biri hesab olunur. Məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Müəllim öyrədəndir, gənc nəslə elm, bilik, aydın dünyagörüşü verən, xeyirxahlıq, zəhmətsevərlik, vətənpərvərlik kimi insani keyfiyyətləri təlqin edən və formalaşdıran şəxsiyyətdir. Müəllimlərin yeni dövrün çağırışlarına uyğun gənc nəsil yetişdirmək yolunda çətin və şərəfli əməyindən danışaraq onları 5 oktyabr “Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə təbrik edib.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax Təhsil sektorunun müdiri Namidə Abbasova çıxışında müəllimləri təbrik etdi. Cari təhsil ilində işlərində uğurlar arzuladı.
Tədbirdə çıxış edən müəllimlər onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Sonda təhsil sahəsindəki səmərəli fəaliyyətlərinə görə rayonun bir qrup təhsil işçisi Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının Fəxri Fərmanları ilə təltif edildi, onlara qiymətli hədiyyələr təqdim olundu.
Keçidlər