Yevlaxda 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
05 oktyabr 2026 | 15:47
Yevlaxda 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə 5 oktyabr -Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax şəhər nümayəndəsi Günel Cəfərova, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi Yevlax rayon Komitəsinin sədri Seymur Novruzov, rayonun ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin, eləcə də uşaq musiqi məktəblərinin rəhbərləri və müəllimlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyaraq Ümummilli Liderin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev gülqoyma mərasimində iştirak edən bir qrup təhsil işçisi ilə görüşüb, bu gün münasibətilə onları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
“Həyat” restoranında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxışında müəllim əməyinin cəmiyyətin inkişafında mühüm rolundan danışıb. Müəllimin yalnız bilik və bacarıq aşılayan şəxs deyil, eyni zamanda gənc nəslin milli-mənəvi dəyərlər, vətənpərvərlik və dövlətçilik prinsipləri əsasında formalaşmasında mühüm missiya daşıyan ziyalı olduğunu vurğulayıb və təhsil işçilərini peşə bayramı münasibətilə təbrik edib.
Başçının müavini Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışaraq, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə son illər respublikamızda həyata keçirilən uğurlu təhsil islahatlarından bəhs edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirildiyini bildirib.
YAP Yevlax Rayon Təşkilatının sədri Rafiq Əliyev çıxışında müəllimlik peşəsinin hər zaman ən ali, ən şərəfli və ən məsuliyyətli sahələrdən biri olduğunun qeyd edərək müəllimləri təbrik edib, onlara xoş arzularını çatdırıb. Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoydğu təhsil siyasətinin bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova təhsil sahəsində əldə olunan nailiyyətlərdən, müəllimlərin peşəkarlığının artırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. O, təhsil işçilərini peşə bayramı münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən müəllimlər göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Sonda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisi rayonun ictimai-siyasi həyatında fəal iştirakına, səmərəli fəaliyyətinə və təhsil sahəsində göstərdiyi xidmətlərə görə Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının Fəxri Fərmanları və hədiyyələri ilə təltif olunub.






