Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib

04 mart 2026 | 14:30
Yevlaxda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib
Yevlax Şəhər İcra Hakimiyyətində 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov və rayonun idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, Dahi rəhbərin müqəddəs xatirəsinə öz ehtiramlarını bildirmişlər. Dövlət himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin müqəddəs xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur. Sonra 5 mart-Bədən Tərbiyəsi və İdman Gününə aid videofilm nümayiş etdirilmişdir.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev görüşdə çıxış edərək bildirib ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il martın 5-i Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri, mükafatçıları ilə görüşüb, idman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.
1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə göstərilən diqqət və qayğı Olimpiya Oyunlarında və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artırır. Qazanılan qələbələr və medallar Azərbaycanın idman ölkəsi olduğunu bir daha təsdiqləyir.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan Şanlı Zəfərdən sonra topraqlarımız düşmən işğalından azad olunub. Artıq həmin bölgələrdə geniş abadlıq-quruculuq işləri aparılır. Şəhər və kəndlər abadlaşır, yeni infrastruktur obyektləri tikilərək istifadəyə verilir. Bu gün işğaldan azad olunmuş, həmin şəhər və rayonlarımızda beynəlxalq idman yarışları keçirilir.
Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan idmanın sahəsinin inkişafı siyasəti Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü fikir formalaşdırır. Bununla da “Sağlam bədəndə sağlam ruh olar” prinsipinə söykənərək demək olar ki, Azərbaycan sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir.
Azərbaycanın idman ölkəsi kimi tanınmasında təkcə Bakıda deyil, regionlarda da müasir idman infrastrukturunun qurulması mühüm rol oynayır. Yevlaxda istifadəyə verilən yeni Olimpiya İdman Kompleksi də bu siyasətin davamı kimi dəyərləndirilir.
Yevlax Olimpiya İdman Kompleksi Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə ötən ilin sentyabrın 27-də açılışı edilərək idmansevərlərin ixtiyarına verilib. 5,8 hektar ərazini əhatə edən obyekt həm şəhərin, həm də bölgənin idman həyatına yeni nəfəs gətirib.Kompleksdə açıq meydançalar, stadion, 1100 tamaşaçı yerlik universal idman zalı, güləş, cüdo, bədii gimnastika, boks, kikboksinq, taekvondo və karate üzrə ayrıca zallar, fitnes və trenajor otaqları, həmçinin üzgüçülük hovuzu yaradılıb. Bundan başqa, kompleksdə iclas və konfrans zalı, kafe, restoran, məşqçilər, hakimlər, həkimlər və şərhçilər üçün xüsusi otaqlar, eləcə də 42 nəfərlik mehmanxana fəaliyyət göstərəcək. Yevlax Olimpiya İdma Kompleksinin inşası Möhtərəm Prezidentimizin Yevlaxa, yevlaxlı idmançılara diqqət qayğısının əyani təzahürüdür. Ölkəmizdə keçirilən III MDB Oyunları çərçivəsində boks yarışlarının Yevlax Olimpiya İdman kompleksində təşkil olunması bölgədə idmanın inkişafına müsbət təsir göstərib.
Şəhər İcra Hakimiyyətinin Başçısı həmçinin məlumat verib ki, yevlaxlı idmançıların ötən il uğurlu nəticələri olmuşdur. Belə ki, idmançılar ötən il ərzində yerli və beynəlxalq yarışlarda 6 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıblar.
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Yevlax Olimpiya İdman Kompleksinin direktoru Nicat Haqverdiyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Yevlax rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Şahnaz Hümbətli, ağırlıqqaldırma idman növü üzrə Avropa birincisi Məhəmməd Yusifov çıxışlarında bütün idman ictimaiyyətini təbrik edib, ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən geniş danışıblar.
Tədbirdə bir qrup idmançı və məşqçi-müəllim idman sahəsində qazandığı nailiyyətlərə görə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif olunub.
İdmançılar onlara göstərilən diqqətə görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər