Yevlaxda 5 iyun-Su Təsərrüfatı və Meliorasiya İşçilərinin peşə bayramı günü qeyd olunub
05 iyun 2026 | 13:32
Yevlaxda 5 iyun-Su Təsərrüfatı və Meliorasiya İşçilərinin peşə bayramı günü qeyd olunub
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, eləcə də rayonda fəaliyyət göstərən su təsərrüfatı və meliorasiya idarələrinin rəhbərləri və kollektivləri əvvəlcə Ulu Öndər Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının inzibati binasında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri İlqar Hüseynov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax rayon Ağsaqqallar şurasının sədri Minnət Mürsəlov və Qarabağ Suvarma Kanalı İstismarı İdarəsinin rəisi Ariz Mikayılov çıxış edərək su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramları münasibətilə təbrik ediblər. Çıxışlarda vurğulanıb ki, Azərbaycanda meliorasiya və su təsərrüfatı sahəsinin inkişafının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin rəhbərliyi dövründə ölkədə genişmiqyaslı meliorasiya tədbirləri həyata keçirilmiş, yeni suvarma sistemləri yaradılmış, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm layihələr reallaşdırılmışdır. Bu məqsədyönlü siyasət kənd təsərrüfatının inkişafına və regionların sosial-iqtisadi tərəqqisinə mühüm təkan vermişdir.
Natiqlər qeyd ediblər ki, bu gün Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin su təhlükəsizliyinin təmin olunması, su ehtiyatlarının səmərəli idarə edilməsi, müasir meliorasiya və irriqasiya infrastrukturunun yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son illərdə istifadəyə verilən su anbarları, magistral kanallar, nasos stansiyaları və digər mühüm infrastruktur layihələri aqrar sektorun inkişafına, əhalinin içməli və suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına mühüm töhfə verir.
Çıxış edənlər bildiriblər ki, Möhtərəm Prezidentimizin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində su təsərrüfatı və meliorasiya sisteminin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, sahə əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu qayğı su təsərrüfatı işçilərini daha məsuliyyətlə çalışmağa, qarşıya qoyulan vəzifələrin icrasında yüksək nəticələr əldə etməyə ruhlandırır.
Çıxışlarda o da qeyd olunub ki, su təsərrüfatı və meliorasiya işçiləri öz peşə fəaliyyətləri ilə ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, kənd təsərrüfatının inkişafına və ekoloji tarazlığın qorunmasına mühüm xidmət göstərirlər. Bu baxımdan onların əməyinin yüksək qiymətləndirilməsi və peşə bayramlarının qeyd olunması xüsusi əhəmiyyət daşıyır.
Tədbirin sonunda su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyət göstərən bir qrup əməkdaş fəxri fərmanla təltif olunub,Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunan üzvlərə partiya vəsiqələri təqdim edilib.






