Yevlaxda 28 May-Müstəqillik Günü münasibətilə tədbir keçirilmişdir
27 may 2024 | 15:20
Yevlaxda 28 May-Müstəqillik Günü münasibətilə tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyəti, YAP Yevlax rayon təşkilatı və Yevlax Şəhər Mədəniyyət Mərkəzi tərəfindən 28 May-Müstəqillik Günü münasibətilə “Müstəqilliyimiz daimidir, dönməzdir və əbədidir” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər Mədəniyyət Mərkəzinin direktoru Aygün Qasımova, məktəb direktorları, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Müasir, müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir çərçivəsində müstəqillik tariximizdən və Azərbaycanın bugünkü inkişafından, əldə etdiyi böyük nailiyyətlərdən bəhs edən videoçarx nümayiş etdirilmişdir.
Yevlax ŞİHB-nın birinci müavini Xaliq Əliyev çıxışında Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan etməklə xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. Həmçinin bildirmişdir ki, 1991-ci il 18 oktyabr tarixində Ulu öndər Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etmişdir. 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev cümhuriyyətin müstəqilliyini əbədi və dönməz etdi. H.Əliyev ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu.Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisidir. Bir sözlə, Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idi.Müstəqilliyin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün ölkə prezidenti İlham Əliyev davam etdirilir. Onun rəhbərliyi ilə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə olunub. 2022-ci ilin 15 oktyabrında Milli Məclis Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni qanunu təsdiqlədi ki, bu qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.
X.Əliyev 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açaraq, Vətən müharibəsinin xalqımızın qəhrəmanlıq salnaməsində yeni səhifə yazdığını bildirmişdir. Vurğulamışdır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımız artıq Müstəqillik Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci ilə qeyd edir.
Sonra çıxış edən Yevlax şəhər 4 nömrəli tam orta məktəbin direktoru Zərif Mehtiyeva, 11 saylı Ərazi Vergilər Baş idarəsinin əməkdaşı Xəyal Ramazanov, 15 saylı Regional Xəzinədarlıq İdarəsinin məsləhətçisi Bəhruz Yaqublu və Yevlax şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı İlahə Abdullayeva bildirmişlər ki, zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad, müstəqil dövlət uğrunda uzun və mücadilələrlə dolu bir yol keçib. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ölkəmizin çoxəsrlik tarixi, sosial-iqtisadi və mədəni inkişafının XX əsrin əvvəlində başlanmış milli azadlıq mübarizəsinin məntiqi nəticəsi idi. Qeyd olunmuşdur ki, Azərbaycan xalqı azadlıq, müstəqillik uğrunda illərlə mübarizə aparıb, bu yolda minlərlə şəhid verib. Müstəqil dövlət olmaq, müstəqil dövlətdə yaşamaq səadətdir. Qüdrətli və möhkəm dövlət olmadan müstəqilliyi əldə saxlamaq mümkünsüzdür. Tariximiz azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir.