Yevlaxda 27 Sentyabr-Anım Gününə həsr olunmuş “Zəfərə gedən yolun qəhrəmanları” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib
26 sentyabr 2026 | 18:36
Yevlaxda 27 Sentyabr-Anım Gününə həsr olunmuş “Zəfərə gedən yolun qəhrəmanları” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib
27 Sentyabr – Anım Günü münasibətilə Yevlax Şəhər İcra Hakimiyyətinin və Yevlax şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Yevlax şəhər Yaradıcılıq Evində “Zəfərə Gedən Yolun Qəhrəmanları” adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax rayon nümayəndəsi Günel Cəfərova, Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Leyla Abdullayeva, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dövlət Himninin səsləndirilib,Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
27 Sentyabr-Anım Gününün tarixi əhəmiyyətindən, Ordumuzun 44 günlük müharibəsi zamanı göstərdiyi qəhrəmanlıq və şücaətdən, Xalqımızın birliyindən və həmrəyliyindən bəhs edən videofilm nümayiş etdirilib.
Çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi yer tutduğunu qeyd edib. Bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birlik və həmrəyliyinin, Müzəffər Ordumuzun gücünün və Vətən sevgisinin parlaq nümunəsidir. Elnarə Əzizova şəhidlərimizin qəhrəmanlığının heç zaman unudulmayacağını, onların əziz xatirəsinin daim ehtiramla yad ediləcəyini vurğulayıb.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxışında Vətən müharibəsində qazanılan tarixi Zəfərin Azərbaycan xalqının həyatında mühüm dönüş yaratdığını bildirib. O, şəhidlərimizin və qazilərimizin göstərdiyi fədakarlığın gələcək nəsillər üçün əsl qəhrəmanlıq nümunəsi olduğunu qeyd edib. Rafiq Əliyev Azərbaycan xalqının Vətən uğrunda canından keçən oğul və qızlarının əziz xatirəsini hər zaman yaşadacağını vurğulayıb.
Şəhid Əyyubov Ceyhunun anası Arzu Əyyubova çıxış edərək oğlunun Vətən müharibəsində keçdiyi döyüş yolundan, Vətən qarşısındakı xidmətindən və göstərdiyi qəhrəmanlıqdan danışıb. O, Ceyhunun və digər şəhidlərimizin Vətən sevgisinin, mərdliyinin və fədakarlığının heç zaman unudulmayacağını bildirib. Şəhid anası çıxışında övlad itkisi ilə yaşamağın ağır olduğunu, lakin şəhidlərin Vətən uğrunda canlarından keçərək xalqımıza böyük Zəfər qazandırmalarının qürurverici olduğunu qeyd edib.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax rayon nümayəndəsi Günel Cəfərova və Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Leyla Abdullayeva çıxışlarında 27 Sentyabr – Anım Gününün xalqımız üçün mənəvi əhəmiyyətindən danışaraq, Şəhidlərimizin xatirəsinin yaşadılmasında mədəniyyət müəssisələrinin üzərinə böyük vəzifələr düşdüyünü bildirmiş,vəzifələrdən danşaraq, xalqın tarixi, qəhrəmanlığı və şəhidlərin müxtəlif mədəni tədbirlər vasitəsilə gələcək nəsillərə çatdırılmalı olduğunu vurğulayıblar.
Mədəniyyət Mərkəzinin direktoru Leyla xanım Abdullayevanın quruluşunda şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən 44 günlük Vətən müharibəsindən, xalqımızın keçdiyi şərəfli və qürurlu Zəfər yolundan, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın həyat hekayələrindən ibarət “Zəfərə gedən yolun qəhrəmanları” adlı təsirli kompozisiya əməkdaşları tərəfindən tamaşaçılara təqdim olunub.
Şəhid anaları çıxışlarında Şəhidlik zirvəsinə ucalmış övladlarının Vətənə sevgisindən, şərəfli döyüş yollarından söz açıblar. Bildiriblər ki, müqəddəs Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış Övladları ilə fəxr edirlər.
Şəhid anaları övladlarının xatirəsinin daim yaşadılmasına, onlara göstərilən yüksək diqqət və ehtirama görə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.






