Yevlaxda 27-Sentyabr Anım gününə həsr edilmiş ümumrayon tədbiri keçirilmişdir
27 sentyabr 2023 | 14:09
Yevlaxda 27-Sentyabr Anım gününə həsr edilmiş ümumrayon tədbiri keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən savaşında şanlı Azərbaycan Ordusu düşməni diz çökdürərək torpaqlarımızı işğalçılardan təmizlədi və ərazi bütövlüyümüzü bərpa etdi. Müzəffər Ali Baş Komandanın Dəmir yumruğu xalqın gücünü, vəhdətini, mübarizliyini bütün dünyaya bəyan etdi. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Zəfərlə nəticələnən Vətən Müharibəsindən az sonra Respublikamızda Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytarmaq üçün Vətən müharibəsinə başladığımız 27 sentyabr tarixindən, xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin qalib vətəndaşı olmaq sevincini bizlərə yaşadan o tarixi gündən artıq 3 il arxada qalır. Bu münasibətlə Yevlax Şəhidlər Xiyabanında 27 sentyabr -Anım Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, aparatın məsul şəxsləri,YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin kollektivləri, şəhidlərimizin ailələri, qazilər,müharibə veteranları, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları şəhidlərimizin məzarlarına, həmçinin Şəhidlər xatirəsinə inşa edilmiş abidənin önünə gül-çiçək dəstələri qoyaraq onların əziz xatirələrini böyük ehtiramla yad etdilər.Şəhidlərimizin müqəddəs ruhlarına dualar oxundu.
Yevlax Şəhər Mədəniyyət Mərkəzinin işçilərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Şəhər İcra Hakimiyyətinin Başçısı övladları ziyarətə gəlmiş şəhidlərin ailə üzvləri ilə görüşdü, onlarla söhbət etdi, övladlarına Allahdan rəhmət dilədi. Şəhid ailələrinin üzvləri övladlarının əziz xatirəsinin yad olunması üçün təşkil olunan təqdirəlayiq tədbirlərə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Anım Günü ilə əlaqədar saat 12.00-da ölkənin hər yerində olduğu kimi Yevlax rayonunda da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.