Yevlaxda 27 sentyabr - Anım gününə həsr edilmiş ehsan süfrəsi təşkil edilmişdir
27 sentyabr 2024 | 15:14
Yevlaxda 27 sentyabr - Anım gününə həsr edilmiş ehsan süfrəsi təşkil edilmişdir
Yevlax Şəhərindəki “Təbiyət” sarayında 27 sentyabr Anım Günü ilə əlaqədar vətən uğrunda həlak olmuş Şəhidlərimizin xatirəsinə ehsan süfrəsi təşkil edilmişdir. Mərasimdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, Bərdə “Seyid Yusif Ağa” Ziyarətgahının rəhbəri Seyid Səbuhi Yusifov, din xadimləri, I Qarabağ və Vətən müharibəsi şəhid ailələri və qaziləri, veteranları iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sonra Yevlax "Cümə” məscidinin imamı Hacı Eldəniz Ulu Öndərimizin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına yasin oxuyub. Mərasimdə Müqəddəs “Qurani-Kərim”dən ayələr səsləndirilib, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev mərasimdə çıxış edərək bildirmişdir ki, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Dövlətimiz tərəfindən vətənini canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin şücaətini yüksək qiymətləndirir, onların müqəddəs xatirələrini daim yüksək tutur. Möhtərəm Prezidentimiz tərəfindən imzalanmış "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncamına əsasən 27 sentyabr-Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti, şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Həmçinin qeyd etdi ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq Respublikamızın hər yerində olduğu kimi Yevlax rayonunda da Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə, veteranlarına yüksək həssaslıqla yanaşılır, onlara diqqət və qayğı göstərilir. Çıxışının davamında İcra Hakimiyyətinin Başçısı sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsindəki Azərbaycan Xalqının əzmindən, müharibə ruhundan, əsgər və zabitlərin şücaətlərindən, döyüş yollarından, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın işğalda olan torpaqlarımızın Şanlı Ordumuzun peşəkarlığı sayəsində azad olunmasından danışdı.Qeyd etdi ki, 2023-cü ilin 20 sentyabr tarixində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ilə ölkəmiz yeni dövrə qədəm qoydu. Bu yeni dövr qürurverici hadisələrlə başladı. Belə ki, müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində 7 fevral tarixində növbədənkənar prezident və 1 sentyabrda parlament seçkiləri keçirildi. Bu seçkilər, eyni zamanda, Azərbaycanın demokratik inkişaf tarixinə yeni səhifələr yazdı.Möhtərəm Prezidentimiz bir neçə gün öncə, sentyabr ayının 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edilib. Bu qərar Azərbaycanın ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan qələbənin, 2023-cü ildə antiterror əməliyyatının və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha nəzərə çarpdırır. 27 Sentyabr-dönməzlik və prinsipiallığın zəfərinə doğru gedən yolun başlanğıcıdır. Bu tarix xalqımızın yaddaşından, hərb tariximizdən heç bir vaxt silinməyəcək.
Mərasimdə çıxış edən Bərdə “Seyid Yusif Ağa” Ziyarətgahının rəhbəri Seyid Səbuhi Yusifov çıxış edərək şəhidlərin qəhrəmanlığından danışıb və tədbirin mahiyyəti haqqında fikir bildirmişdir.
Şəhid ailələrinin üzvləri və qazilər dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.