Yevlaxda 27 Sentyabr – Anım Günü münasibətilə “Zəfərin başlanğıcı” adlı tədbir keçirilib
24 sentyabr 2026 | 16:26
Yevlaxda 27 Sentyabr – Anım Günü münasibətilə “Zəfərin başlanğıcı” adlı tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Səməd Vurğun adına Şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin iclas zalında keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Şəhər İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov, YAP Yevlax rayon təşkilatının nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət müəssələrinin rəhbərləri, şəhid ailələrinin üzvləri və müharibə veteranları iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib,xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Vətən müharibəsinin başlanmasının tarixi əhəmiyyətindən, Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və şücaətdən, xalqımızın birlik və həmrəyliyindən bəhs edən videofilm nümayiş etdirilib.
Çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi əhəmiyyət daşıdığını bildirib. O, Vətən müharibəsinin Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi mərhələ olduğunu qeyd edib, şəhidlərin Vətən qarşısında göstərdikləri misilsiz fədakarlığın heç vaxt unudulmayacağını vurğulayıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov çıxışında Vətən müharibəsinin Azərbaycan tarixində mühüm yer tutduğunu diqqətə çatdırıb. O, şəhidlərin qəhrəmanlıq yolunun gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm örnək olduğunu bildirib.
YAP Yevlax rayon təşkilatının məsləhətçisi Fərid Hacıbəyli çıxış edərək 27 Sentyabr – Anım Gününün şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi olduğunu bildirib. O, Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birlik və həmrəyliyin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
44 günlük Vətən müharibəsinin iştirakçısı, müharibə veteranı Süleyman Süleymanlı çıxışında Vətən müharibəsi zamanı Azərbaycan əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqdan, döyüşlərdə nümayiş etdirilən yüksək əzmkarlıq və iradədən söz açıb. O, şəhid silahdaşlarının əziz xatirəsinin daim qəlblərdə yaşayacağını bildirərək, gənc nəslin Vətənə sədaqət və milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Səməd Vurğun adına Şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərinin ifasında Vətənə, şəhidlərə və Qarabağ Zəfərinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Şagirdlərin təqdimatında səsləndirilən şeirlər və bədii nümunələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.






