Yevlaxda 26 iyun-Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilmişdir
26 iyun 2024 | 12:23
Yevlaxda 26 iyun-Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilmişdir
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilmişdir. Belə ki, Şəhər İcra Hakimiyyətinin Başçısı, ŞİH Başçısı aparatının məsul şəxsləri, YAP Yevlax rayon təşkilatının sədri, təşkilatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri rayon ərazisində dislokasiya olunmuş hərbi hissələrdə hərbçilərlə görüşlər keçiriblər.
26 İyun - Silahlı Qüvvələr Gününə həsr edilmiş ilk tədbir Dövlət Sərhəd Xidmətinə məxsus “N” saylı hərbi hissədə keçirilmişdir. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev,YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, hərbi hissənin şəxsi heyəti iştirak etmişlər
Tədbir iştirakçıları əvvəlcə hərbi hissənin həyətindəki Şəhidlər abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyaraq, ruhlarına öz ehtiarmlarını bildiriblər.
Tədbirdə giriş nitqi ilə çıxış edən hərbi hissənin komandiri iştirakçıları salamlayaraq, Azərbaycan Ordusunun hər zaman Ali Baş Komandan cənab İlham Əliyevin bütün tapşırıqlarını icra etməyə hazır olduqlarını qeyd edib, Azərbaycan Ordusuna göstərilən xüsusi diqqət və qayğıya görə Ölkə Başçısı cənab İlham Əliyevə minnətdarlıq hissini çatdırıb.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə hərbi hissənin əsgər və zabitlərini təbrik edərək qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü elan edilmiş və hər il dövlət bayramı kimi qeyd olunur.
Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Ölkəmizin eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.
Şəhər rəhbəri rayon ictimaiyyəti adından hərbi hissənin şəxsi heyətini 26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə ürəkdən təbrik etmiş, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi və çox şərəfli xidmətlərində uğurlar arzulamış, Vətənimizin ərazi bütövlüyü uğrunda canını qurban vermiş Şəhidlərimizə Allahdan rəhmət diləyərək, qazilərimizə can sağlığı arzulamışdır. Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edilməsinə baxmayaraq, respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir addım atmadı. Torpaqların müdafiəsi yalnız pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin ümidinə qalmışdı. Həmçinin şəxsi mənafelərə qulluq edən ayrı-ayrı silahlı dəstələr vardı. Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində də uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün ordumuz dünya orduları ilə müqayisə ediləcək səviyyəyə çatdırılıb. Bu hər birimizi sevindirir və qürurlandırır. Həmin yüksək diqqət və qayğının nəticəsidir ki, ölkəmizin müdafiə gücü artaraq xalq, dövlət, ordu birliyi monolit birliyə çevrilib, 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri düşməni məhv edərək 30 il davam edən ədalətsizliyə son qoydu, xalqımızın gücünü bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusunun hazırkı səviyyəsi ordu quruculuğu sahəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu indi dünyanın ən güclü orduları sırasında qərarlaşıb.
Bütün bunlara Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra son qoyuldu. Ulu Öndər belə bir şəraitdə xilaskarlıq missiyasını öz üzərinə götürdü, respublikanı dərin böhrandan çıxarmağa başladı və qısa bir zamanda könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı. Ali Baş Komandanın ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Çox keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. 1994-cü il mayın 12-də elan olunan atəşkəsdən sonra Azərbaycanda nizamlı, müasir səviyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi. Ölkədə nizami ordu formalaşmağa başlandı. Ulu Öndər deyirdi ki, "Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır" Milli Ordumuzun bu müddətdə keçdiyi döyüş yolunun zirvəsi sözsüz ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə - Qarabağ Zəfəridir. Dönə-dönə vurğulandığı kimi, xalqımızın çoxəsrlik tarixində buna bənzər Qələbə olmayıb.Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Ordu quruculuğu siyasətini möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Zəfərlə yekunlaşdırdı. Müzəffər Ali Baş Komandanımızın «Dəmir yumruğu» elə Azərbaycan dövlətinin, Azərbaycan Silahlı Qüvvələrinin dəmir yumruğudur. Bu dəmir yumruq tək Azərbaycana deyil, bütöv Qafqaza sülh, ədalət, inkişaf gətirdi.Müzəffər Ali Baş Komandanımızın gücü qarşısında tab gətirə bilməyən düşmən başqa seçimi qalmadığını gördü. Belə ki, 1992-ci ildən, 30 il qanunsuz olaraq Ermənistanın qanunsuz işğalına məruz qalan Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycana qaytarıldı. 4 kəndin 1 güllə atılmadan qaytarılması Müzəffər Ali Baş Komandanımızın qüdrətinin göstəricisidir.
Sonra YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxış edərək, bildirib ki, müasir Azərbaycanın qurucusu olan Ümummili Liderimiz Heydər Əliyevin müdrik siyasəti bu gün Ölkə Prezidenti, Partiyamızın Sədri, Müzəffər Ali Baş Komandamız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əsası Ulu Öndərimiz tərəfindən qoyulan bənzərsiz ordu quruculuğu siyasəti bu gün ən yüksək səviyyədə həyata keçirilir. Möhtərəm cənab Prezidentin ali rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı və ərazi bütövlüyü tam şəkildə təmin edilmişdir. Bu gün qüdrətli Azərbaycanın Ordusu dünyanın ən güclü orduları sırasındadır. Hərbi arsenalımıza ən müasir silah-sursat və texnikalar daxil edilmişdir. Məhz onun nəticəsidir ki, Müzəffər Ali Baş Komandamızın peşəkar rəhbərliyi və güclü Ordumuzun şücaəti ilə qızıl hərflərdən ibarət şanlı tarix yazıldı. Ermənistan ordusu döyüş meydanında darmadağın oldu, bir sözlə Azərbaycan Ordusu qarşısında diz çökdü, torpaqlarımız düşmən tapdağından azad edildi. Bu gün Azərbaycan cənab İlham Əliyevin düzgün və məqsədyönlü siyasəti ilə xoşbəxt və firavan gələcəyə doğru uğurla addımlayır. Yerli təşkilatın sədri 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbçiləri səmimi-qəlbdən təbrik edib, onlara möhkəm cansağlığı arzulayıb.
44 günlük Vətən müharibəsi zamanı Şəhidlik zirvəsinə ucalmış Emin Kazımovun atası Fərman Kazımov çıxışında Vətənimizin müdafiəçilərini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, bildirib ki bu gün güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu yüksəkdir. Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və s. vasitələrlə təchiz olunub. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının təzahürüdür.
Yevlax Şəhər Mədəniyyət Mərkəzinin bədii kollektivləri hərbçilər qarşısında geniş konsert proqramı ilə çıxış etmişlər.
Xidmətdə fərqlənən hərbi qulluqçuların bir qrupu Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilib, bir qrupuna isə qiymətli hədiyyələr verilib.
Tədbir iştirakçıları Yevlax Şəhər Şəhidlər Xiyabanını ziyarət edib, Xiyabanda Şəhidlərin xatirə abidəsinin önünə gül dəstələri düzərək,ruhlarını böyük minnətdarlıqla anıblar.
Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Şəhidlər Xiyabanında bir qrup Şəhid ailələrinin üzvləri və qazilərlə görüşüb söhbət etmiş, onları bayram münasibətilə təbrik etmişdir.
Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.