Yevlaxda 25 aprel - Sahibkarlar Günü münasibətilə bir qrup sahibkarla görüş keçirilib
24 aprel 2026 | 16:33
Yevlaxda 25 aprel - Sahibkarlar Günü münasibətilə bir qrup sahibkarla görüş keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə İcra Hakimiyyətinin inzibati binasında 25 aprel-Sahibkarlar Günü münasibətilə bir qrup sahibkarla görüş keçirilib. Görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Mərkəzi Aran Regional Bölməsinin müdiri Sani Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Mərkəzi Aran Regional Koordinatorluğunun Yevlax rayonu üzrə KOB dostunun rəhbəri Sahib Əmirov və sahibkarlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, Dahi Rəhbərin müqəddəs xatirəsinə öz ehtiramlarını bildirmişlər.
Görüşdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev sahibkarları 25 aprel-Sahibkarlar Günü münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2016-cı il tarixli Sərəncamı imzalanmışdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafı ilə bağlı mühüm layihə və islahatlar həyata keçirilir, sahibkarların fəaliyyətinə daima diqqət və qayğı göstərilir.
İcra Hakimiyyətinin Başçısı eyni zamanda bildirdi ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən ölkəmizdə sahibkarlığın inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində biznes mühiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, sahibkarlara göstərilən dövlət dəstəyi genişləndirilib. Xüsusilə, güzəştli kreditlərin verilməsi, vergi və gömrük sahəsində tətbiq olunan yeniliklər, investisiya təşviqi mexanizmləri və sənaye zonalarının yaradılması sahibkarlığın inkişafına mühüm töhfə verib. Bu siyasət regionların iqtisadi potensialının reallaşdırılmasına və yeni iş yerlərinin açılmasına şərait yaradıb. Şəhər İcra Hakimiyyətinin Başçısı sahibkarlığın inkişafının Yevlax rayonunda da daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. O qeyd edib ki, rayonda biznes mühitinin yaxşılaşdırılması, sahibkarların fəaliyyətinə dəstəyin artırılması və onların qarşılaşdıqları problemlərin operativ həlli istiqamətində müvafiq tədbirlər görülür. Bildirilib ki, yerli icra strukturları sahibkarlarla sıx əməkdaşlıq edir, onların təşəbbüslərinin dəstəklənməsi və yeni layihələrin reallaşdırılması üçün əlverişli şərait yaradılır.
Sahibkarlar da çıxış edərək fəaliyyətləri zamanı qarşılaşdıqları məsələləri səsləndirib, təkliflərini diqqətə çatdırıblar. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağı bildirilib. Keçirilən görüşdə sahibkarların rəy və təklifləri dinlənilmiş, onları maraqlandıran suallar cavablandırılmış, mövcud problemlərin aradan qaldırılması yolları barədə ətraflı fikir mübadiləsi aparılmış və bir sıra məsələlər müzakirə olunmuşdur.
Sahibkarlar onlara yaradılan şəraitə görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda 25 aprel-Sahibkarlar Günü münasibətilə rayonda fəaliyyət göstərən bir qrup sahibkara Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim olunub.






