Yevlaxda 23 İyun- Dövlət Qulluqçularının peşə bayramı günü qeyd olunmuşdur
24 iyun 2025 | 10:14
Yevlaxda 23 İyun- Dövlət Qulluqçularının peşə bayramı günü qeyd olunmuşdur
Dövlət qulluqçularının peşə bayramına həsr olunmuş tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının kollektivi, 15 saylı Regional Xəzinədarlıq İdarəsinin rəisi Ceyhun İbişov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov, şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları, rayonda faəliyyət göstərən dövlət qulluqçuları iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələri düzərək dahi Şəxsiyyətin müqəddəs ruhuna öz ehtiramlarını bildirmişlər.
Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında davam edən tədbirdə Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik etmiş, onlara məsuliyyətli və şərəfli işlərində uğurlar arzulamış,qeyd etmişdir ki, dövlət qulluğu vətəndaşlara vicdanla xidmət etmək, qanunçuluğu və ədaləti qorumaq prinsipinə əsaslanır və bu sahədə çalışan hər bir şəxs bu ali vəzifənin məsuliyyətini dərindən dərk etməlidir.
Şəhər rəhbəri çıxışı zamanı həmçinin bildirmişdir ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılmasında və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri var.
Azərbaycan Respublikasının Prezidentini cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən, hər il 23 iyun ölkəmizdə “Dövlət qulluqçularının peşə bayramı günü” kimi qeyd olunur. Bu əlamətdar gün dövlət idarəçiliyinin əsas dayağı olan, ölkəmizin inkişafı və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasında mühüm rol oynayan dövlət qulluqçularının fəaliyyətinə verilən yüksək qiymətin bariz nümunəsidir.
Sonda Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən dövlət qulluğunda fərqlənən bir qrup əməkdaş “Fəxri Fərman”la təltif edilib.






