Yevlaxda 22 İyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilmişdir
22 iyul 2024 | 12:43
Yevlaxda 22 İyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirilmişdir.
Televiziya və informasiya agentliklərinin, qəzetlərin bölgə müxbirlərinin iştirak etdiyi tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 22 İyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik etmiş, ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilməsindən, mətbuatımızın müstəqillik dövründəki fəaliyyətindən geniş danışmışdır. Şəhər rəhbəri Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin mətbuatımızın inkişafındakı misilsiz xidmətlərini vurğulamış və qeyd etmişdir ki, Azərbaycanda demokratik mətbuatın formalaşması, azad fikrin ifadəsi yolunda Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar, demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunun daim yüksək qiymətləndirilməsi, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək verilməsi, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün möhtərəm Prezidentimiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir. Bildirmişdir ki, Azərbaycan milli mətbuatının yaranması gününün dövlət səviyyəsində qeyd edilməsi, Möhtərəm Prezientimizin mətbuat nümayəndələrinin əməyinə verdiyi qiymətin bariz nümunəsidir. Həmçinin qeyd etmişdir ki, ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələrinin mühüm rolu vardır. Şəhər İcra Hakimiyyətinin Başçısı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən söz açaraq həmin dövrdə də kütləvi informasiya vasitələrinin nümayəndələrinin fədakarlıqlarından danışmışdır.
Tədbirdə iştirak edən KİV nümayəndələri çıxışlarında milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salaraq Azərbaycan müstəqillik əldə etdikdən sonra bu sahədə əldə olunan uğurlardan, həmçinin dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən, respublikamızda azad sözün və mətbuatın bərqərar olunması istiqamətində həyata keçirilən tədbirlərdən, mətbuata göstərilən dövlət dəstəyindən söhbət açmış, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda mətbuat nümayəndələrinə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunmuşdur.