Yevlaxda 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib
20 iyul 2023 | 19:43
Yevlaxda 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən tədbirdə Yevlaxda fəaliyyət göstərən El Televiziyasının əməkdaşları, televiziya və informasiya agentliklərinin bölgə müxbirləri iştirak ediblər.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin çap edilməsi ilə milli mətbuatımızın əsası qoyulub. XIX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri Həsən bəy Zərdabi idi. Qəzetin hazırlanmasında Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb.
Milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı. 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi.Şəhər rəhbəri həmçinin qeyd etdi ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il Ölkəmizdə “Heydər Əliyev ili” elan edilib. Məhz bu ildə mətbuat nümayəndələri növbəti peşə bayramlarını qeyd edirlər. Bu il qeyd etdikləri peşə bayramları içərəsində daha da yaddaqalan olacaqdır.
Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Azərbaycan mediası həm Birinci Qarabağ müharibəsində, həm də Vətən müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.
Tədbirin sonunda media işçilərinə Yevlax Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.