Yevlaxda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir
19 yanvar 2026 | 18:08
Yevlaxda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Aran 2 qəsəbə mədəniyyət evində 20 Yanvar faciəsinə həsr olunmuş “Şərəf və qürur günümüz” adlı tədbir keçirilmişdir.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi
məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Qarabağ Suvarma kanalı İstismar İdarəsinin rəisi Ariz Mikayılov, Yevlax Su Meliorasiya Sistemlərinin İstismar İdarəsinin rəisi Tural Mahmudov, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi-Yevlax şəhər nümayəndəsi Günel Cəfərova, şəhid ailələrinin üzvləri, mədəniyyət işçiləri və gənclər iştirak etmişdir.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Daha sonra Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və 20 Yanvar faciəsində, eləcə də torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirmişdir ki, qanlı 20 Yanvar faciəsindən 36 il ötür. Azərbaycan xalqının qürur mücəssiməsinə çevrilən, ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan bu faciə xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu. Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin qarşısını almaq, milli-azadlıq hərəkatına zərbə vurmaq, habelə digər müttəfiq respublikalara dərs vermək üçün 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi birləşmələri tərəfindən Bakıda 131 nəfər mülki şəxs küçələrdə, evlərdə, avtomobillərdə, iş yerlərində öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmiş, 200-dən çox bina, 80 avtomobil, o cümlədən təcili yardım maşını yararsız hala salınmışdır. Kütləvi qırğından 36 il keçməsinə baxmayaraq xalqımız həmin faciənin ağır nəticələrini bu gün də xatırlayır. Vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş oğul və qızları dərin ehtiramla yad edir.
Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də böyük siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin Bakıya qoşun yeridilməsi haqqındakı qərarını insanlığa, demokratiyaya və konstitusiyaya zidd addım kimi qiymətləndirərək bu faciəni törədənlərin cəzalandırılmasını tələb etmişdi. Bu faciə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü. 1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin ilin noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verildi. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edildi. Yalnız Ümummilli Lider Heydər Əliyev respublika rəhbərliyinə qayıtdıqdan sonra 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Respublika səviyyəsində faciəyə hüquqi-siyasi qiymət verildi. Ümummilli Lider Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının göstərilməsinə böyük diqqətlə yanaşırdı. Bu gün Şəhidlər Xiyabanında ucalan “Əbədi məşəl” abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa edilmişdir. Ulu Öndər Heydər Əliyevin 2000-ci il yanvar ayının 17-də imzaladığı fərmanla 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verildi. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir. Dövlət Başçısı 19 yanvar 2006-cı il tarixdə “20 Yanvar şəhidlərinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərman vermişdir. Cənab Prezidentin tapşırığı ilə “Şəhidlər Xiyabanı”nda əsaslı təmir və yenidənqurma işləri aparılmış, Bakıda, metronun “20 Yanvar” stansiyasi üzərindəki ərazidə 20 Yanvar şəhidlərinin xatirəsinə Memorial Abidə Kompleksi ucaldılmışdır. Azərbaycanın Milli Qəhrəmanlarının, 20 Yanvar faciəsində, torpaqlarımızın müdafiəsi zamanı şəhid olanların ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına Prezident təqaüdləri təyin edilmişdir.
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir. Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.
Artıq 20 Yanvar faciəsini bir başqa əhval-ruhiyyədə, bütöv Azərbaycanın, Qalib ölkənin vətəndaşları kimi yad edirik. Çünki Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 2020-ci ilin sentyabrın 27-sindən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başladığı Vətən müharibəsi Zəfərlə başa çatıb, şəhidlərimizin qisası alınmışdır. Azərbaycanımızın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev bildirib ki, sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşiliklər və qətllər insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. O gecə Azərbaycan xalqına qarşı törədilən cinayət, tökülən qanlar xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi, insanları daha sıx birləşdirdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız öz müqəddəs arzusuna - milli azadlığına qovuşa bildi, Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu. Ulu Öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib.
R.Əliyev Ölkəmizdə Qarabağ müharibəsi veteranlarının, əlillərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışaraq bildirib ki, Ulu Öndər Heydər Əliyev Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə həmişə diqqət və qayğı ilə yanaşıb, onların problemlərinin həllinə çalışıb. Ümummilli Liderin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu qəbildən olan insanların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilmişdir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İham Əliyevin 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanı şəhid ailələrinə dövlət qayğısının bariz nümunəsidir
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi-Yevlax şəhər nümayəndəsi Günel Cəfərova bildirmişdir ki, tədbirin əsas məqsədi 20 Yanvar faciəsinin tarixi mahiyyətini xatırlatmaq, şəhidlərin xatirəsini ehtiramla anmaq və bu tarixi həqiqətləri gələcək nəsillərə doğru şəkildə çatdırmaqdır. 36-cı ildönümü qeyd olunan Qanlı 20 Yanvar hadisələri sovet imperiyasının Azərbaycan xalqının azadlıq və müstəqillik iradəsinə qarşı törətdiyi ağır cinayət və qanlı terror aktı kimi tarixdə qalmaqdadır. 1990-cı il yanvarın 20-də SSRİ-nin mərkəzi hakimiyyəti tərəfindən həyata keçirilən hərbi müdaxilə xalqın milli iradəsinə, demokratik dəyərlərə və müstəqil dövlət quruculuğu arzularına qarşı yönəlmiş dövlət səviyyəli cinayət olub.
G.Cəfərova qeyd etmişdir ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət ilk dəfə olaraq məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Ulu Öndər 1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib, Sovet İttifaqı rəhbərliyinin törətdiyi qanlı hadisəni açıq şəkildə pisləyib və faciənin mərkəzi hakimiyyətin, eləcə də respublika rəhbərliyinin xəyanəti nəticəsində baş verdiyini bəyan edib. Bu mövqe çətin zamanda Azərbaycan xalqı ilə həmrəyliyin və liderliyin bariz nümunəsi olub.
Sonda Şəhər Mədəniyyət mərkəzinin əməkdaşları tərəfindən ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.






